Misir Sudanda müvəqqəti mülki hökumətin yaradılmasını alqışlayır
Misir Sudanın hərbi keçid şurası və müxalifəti arasında keçid dövründə hakimiyyətin ali orqanının yaradılması barədə əldə olunmuş razılığı alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında bildirilir.
Qeyd edilir ki, Misir tərəflər arasında əldə olunmuş razılığı alqışlayır və bunu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin bərqərar olunması yolunda çox vacib addım hesab edir.
Xatırladaq ki, Sudanın hərbi keçid şurası və müxalif “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi iki günlük danışıqların gedişində müvəqqəti mülki hökumətin qurulması barədə razılığa gəlib.
Suveren Şura adı verilən birgə hakimiyyət strukturu üç il fəaliyyət göstərəcək. Bu müddət ərzində zorakılıq epizodları üzrə şəffaf təhqiqatın aparılması və müstəqil hökumətin qurulması nəzərdə tutulur.
Danışıqlarda iştirak edən müxalifət nümayəndələrindən biri İbrahim əl-Əmin Suveren Şuraya beş mülki şəxsin və beş hərbçinin daxil olacağını bildirib. Şuranın 11-ci üzvü isə hərbi keçmişi olan mülki şəxs seçiləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət