Misir Ermənistana niyə qucaq açdı? - Deputat ŞƏRHİ
Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Misir Ərəb Respublikasına səfər edib.
Erməni nazir səfəri zamanı Azərbaycan və Türkiyə əleyhinə təxribat xarakterli fikirlər səsləndirib.
Hətta Ermənistan-Azərbaycan sərhədində iyul ayındakı insident zamanı Azərbaycana dəstək olaraq birtərəfli mövqe ilə çıxış edən, Ermənistana qarşı aqressiv ritorika nümayiş etdirən yeganə dövlətin Türkiyə olduğunu vurğulayıb.
Belə olan halda erməni XİN başçısının Misirə səfəri Azərbaycan-Misir münasibətlərinə necə təsir göstərə bilər?
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman müsəlman ölkələri ilə xüsusi münasibətə önəm verib:
“Misirlə Azərbaycan arasında dostluq əlaqələri yüksək səviyyədədir. Bizim orada səfirliyimiz fəaliyyət göstərir. Misir prezidentinin Azərbaycana səfəri ilə bağlı müəyyən fikir mübadilələri də var. Bu baxımdan da biz Misirlə əlaqələrin inkişafında maraqlıyıq. Misir böyük ərəb dövlətlərindən biridir. Bu əlaqələrin daha da inkişaf etməsi bizim üçün vacibdir”.
Ceyhun Məmmədov Ermənistanın Misirlə yaxınlığının səbələrini də qeyd edib:
“Ermənistan müsəlman ölkələri ilə sıx əlaqə qurmağa çalışır. Bu son dövrlərdə açıq hiss olunur. Ermənistan xarici işlər nazir, eləcə də, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri ərəb ölkələrinə səfərlər edərək bu ölkələrlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Ermənistanın xüsusi əlaqə qurmağa üstünlük verdiyi ərəb ölkələrindən də biri Misirdir. Ermənistan Misirlə əlaqələri möhkəmləndirməyə çalışır. Bu səfər də təsadüfi səfər deyil. Əsas məqsədlərdən biri bu əlaqələri daha da inkişaf etdirməkdir. Digər bir məsələni də qeyd etmək lazımdır ki, Misirdə bu gün erməni diasporu fəaliyyət göstərir”.
İşçi qrupun rəhbəri Misir-Türkiyə münasibətlərinə də toxunub:
“Misirlə Türkiyənin əlaqələri yaxşı deyil. Eyni münasibət Ermənistan-Türkiyə arasında da mövcuddur. Bu məsələdə də Ermənistanla Misir arasında ümumi fikir eyniliyi var. Hər ikisi Türkiyənin həyata keçirdiyi siyasətdən narazıdır. Burada müxtəlif səbəblər var. Bu, sırf Türkiyədən asılı məsələ deyil. Ermənistan soyqırım; məsələsi ilə bağlı müəyyən iddialar səsləndirir. Son olaraq Aralıq dənizində Türkiyənin qazla bağlı araşdrıma apardığı zamanda da Misir mövqeyini açıq göstərdi. Eyni zamanda, Liviyada legitim hökumət Türkiyəni dəstəkləyir. Bununla bağlı Misirin müəyyən narahatlıqları var. Bu baxımdan da Türkiyə ilə münasibətdə Ermənistanla Misir arasında eyni münasibəti müşahidə edirik. Türkiyəyə qarşı həmfikirlilik var. Bu baxımdan da səfər zamanı bu cür fikirlər səsləndirilir”.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət