Dərc edildi: Baxış sayı: 668
Mirzə Məhəmməd Tağı Qumri - Ey dil, vəfası yoxdu dilara gözəllərin
Ey dil, vəfası yoxdu dilara gözəllərin,
Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Yüz nazü qəmzə ilə can almaqdır adəti,
Ahu baxışlı gözləri şəhla gözəllərin.
Hər tarı bir kəmənd kimi xəlqi bənd edər,
Dami-bəlayə zülfi mütərra gözəllərin.
Tavus tək bəzər özünü, xəlqi aldadar,
Çün fikrü zikri məkrdi qəta gözəllərin.
Bir dəfə güldürər səni, min dəfə ağladar,
Şənində gəlməyibdi təvəlla gözəllərin.
Çox imtahan elibdi kəma-keyf haqqına,
Arifdi çünki, Qumriyi-şeyda gözəllərin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət