Dərc edildi: Baxış sayı: 481
Mirzə Mehdi Şükuhi - Gördüm
Səni bir şahi-gülrüxan,
Mən özümü zəlil gördüm.
Səni bir növrəstə cavan,
Mən özümü zəlil gördüm.
Yar yanında əyləşəndən,
Aldım yüz min busə səndən,
Üzün döndərmədin məndən,
Mən səni çox həmil gördüm.
Hümmətini gördüm ali,
Dərdimdən eylədim hali,
Ləblərindən qəndü bali,
Sel, su kimi səbil gördüm.
Mən istərəm səni yeyim,
Dilin, dodağın çeynəyim,
Aclıqdır, axır neyləyim,
Bu ili yaman il gördüm.
Əriyibdir cismi, cani.
Qalmayıb tabü təvani,
Şükuhiyi-binəvani
Bu qapıya dəxil gördüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət