Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Əvvəlimci məclis

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Əvvəlimci məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Əvvəlimci məclis

ƏVVƏLIMCI MƏCLIS

Əvvəlimci məclis əlli il bundan əqdəm.1 dəryayi-Xəzərin kənarında, Lənkəran
şəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikimci arvadının
otağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur.

Və z i r . Hacı Salah, eşitdim ki, Rəştə2 gedirsən doğrudurmu?
H a c ı S a l a h . Bəli, ağa!
Və z i r . Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən.
Onun üçün səni çağırtmışam.
H a c ı S a l a h . Buyur, ağa, can-baş ilə bitirməyə hazıram!
Və z i r . Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeri
abi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmiş
ola; xülasə

Bir nimtənə kim, ta ola zərbəftü nikutər,
Diba ona möhtac.
Mətnində tamam rabitə mövzun sərasər,
Tək haşiyə qıyqac,
Üstündə onun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac.
Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,
Nəzzarəsi bəhhac.
Tiri-nəzəri əhli-təmaşaya müqərrər,
Hər butəsi amac.
Içində onun şölə verə tələti-dilbər,
Tabəndeyi-vəhhac.
Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac.
Kəbə evinin örtüyünə tuta bərabər,
Simasını hüccac3.

Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasından
kiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasına
düzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlli
qızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın da
qayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan?
H a c ı S a l a h . Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqd
pul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsü
məlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, gen
oldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam.
Və z i r . Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düz
gəlməsə, düzəldərik.
H a c ı S a l a h . Ağa, olmazmı parçasın və düyməsin gətirdim,
burada hər kəs ki geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz?
Və z i r . Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, öz
mərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıb
sənə danışam? A, kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm,
nə qalmağala düşəcəyəm?
H a c ı S a l a h . Xeyr, ağa, mən nə bilirəm?
Və z i r . Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm və
illa gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-belə
qulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləb
budur ki, Novruz bayramına iki ay qalıbdır. Mən istəyirəm ki, bayramda
bir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burda
tikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafə
xərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldan
xilas olmayacağam!
H a c ı S a l a h . Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsini
istəməzmi?

Və z i r . Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var?
Sənə hər nə buyururam, elə eylə!
H a c ı S a l a h . Baş üstə, ağa!
Və z i r . Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanın
arvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanım
məni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vay
sənin halına!
H a c ı S a l a h . Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrini
xalqa yayam?
Və z i r . Di get, mürəxxəssən!


Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez Ziba xanım otağın o birisi qapısını
bərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub, səksənib geri baxır.


Z i b a x a n ı m . Istəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan;
barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onu
Şölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan?
Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyuğ çöldən əppək batırır, elə
oldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi?
Və z i r . Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəli
olubsan?
Ziba xanım. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək Hacı
Salah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu;
xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarək
eyləsin, arvadına yaxası qızıl düyməli nimtənə... Teymur ağanın
gözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onun
qabağında süzsün.
Və z i r . Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsan
ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumu
batırırsan?

Ziba xanım. Sənin namusunu mən batırsaydım, mən də bir
oğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecəgündüz
Teymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə gözilə
görübdür.
Vəzir (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşına
inanmanam!
Ziba xanım. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran bu
işi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə,
təmiz adını-sanını itiribsən.
Və z i r . Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu?
Z i b a x a n ı m . Sən özün tanıdıbsan, özün göstəribsən!
Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm?
Ziba xanım. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidin
ki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağında
bəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə və
qaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıb
oturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa,
iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb.
Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axır
kim bilsin nə hiylə edib onu ələ salıbdır ki, bir gün görməsə, aramı
yoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qız
almaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır!
Və z i r . Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam.


Ziba xanım çıxıb gedir.


Vəzir (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola,
amma çox ehtimalı var ki,Teymur ağanın gücü ona xoş gəlib, cahıl qız
uşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Bu
arvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır.
Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndan
güclü deyil, o basdığı uşaqlar tamam colma-çocuq idilər, bəlkə bu
tədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durum
gedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm.
(Ayağa durur, istir getsin, Ziba xanım girir içəri).
Z i b a x a n ı m . Bu gün nahara, şama nə buyurursan, hazır etdirim?
Və z i r . Zəhrimar, zəqqum! Sən mənə belə xörək yediribsən ki,
bir ay da yeməsəm acımanam. (Istir gedə, otağın ortasında bir xəlbir
düşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağının
bir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edib
dizin tutur, əylənir, qaşqabağı tökülmüş, üzün arvadına tutub çığıraçığıra).
Bu xəlbir burda nə qayırır?
Ziba xanım (təəccüblə). Mənim heç xəbərim yoxdur!
Və z i r . Fərraş!


Heydər fərraş dəhlizdən otağa daxil olub, əl-əli üstə baş əyir. Ziba xanım üzün
örtüb, çəkilir otağın bir tərəfinə.


Vəzir (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır?
F ə r r a ş . Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kərim
əlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiri
burda qoyub gedibdir.
Və z i r . Bu saatda mehtəri buraya çağır.
Fərraş gedir.
Və z i r . Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımda
nə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxt
ki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam.
Ziba xanım. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanım
yoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımın
otağına.


Fərraş və mehtər daxil olurlar.


Vəzir (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var?
Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan?
Mehtər. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki,
cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim.
Və z i r . Bəs bu xəlbiri bura niyə salıb gedirsən?
Mehtər. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim.
Yadımdan çıxıb burda qalıbdır.
Və z i r . Sonra niyə gəlib aparmadın?
Mehtər. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiri
axtarırdım.
Vəzir (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, bu
saatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünlə
gətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər.


Fərraş gedir.


Mehtər (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başına
çevir məni!
Vəzir (qeyzlə). Kəs səsini, it oğlu it!
M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm,
atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm,
dəxi heç vaxt buraya ayaq basmanam!
Və z i r . Səsin kəs, eşşək toxumu, eşşək!
Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqə
və başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər.
Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə!
Fərraşlar naziri yıxırlar, ayağın fələqqəyə salırlar, ikisi fələqqəni tutur, ikisi
çubuq götürür.
V ə z i r . Vurun!


Fərraşlar vururlar.


N a z i r . Ağa, başına dönüm, mənim təqsirim nədir?
Vəzir (qeyz ilə əlin xəlbirə sarı uzadır). Bu xəlbir mənim otağımda
nə qayırır?
N a z i r . Necə xəlbir, ağa?
Və z i r . Çubuq dəyəndə bilərsən necə xəlbir!


Fərraşlar vururlar.


N a z i r . Ay haray, ay dad! A başına dönüm, axır mənim təqsirim
nədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür!
Vəzir (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki,
bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıda
qulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini,
işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın;
xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtər
Kərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyub
gedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfi
qalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm.
Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdən
bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən!

N a z i r . Ağa, sənin başını və ağlını Allah böyük yaradıbdır; mən
necə sənə tay ola bilərəm?
Vəzir (fərraşlara). Vurun!
N a z i r . Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan
sonra heç vaxt belə iş olmaz.
Vəzir (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım,
əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə,
özünü ölmüş bil!
Nazir (durub ayağa). Bəli, ağa, xatircəm ol.
Və z i r . Di get!
M e h t ə r (yavaş). Allah, sənə şükür!


Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra da
vəzir çıxır.


Pərdə salınır

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR