Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/İkinci məclis

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/İkinci məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/İkinci məclis

İKİNCİ MƏCLİS

İkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.

Molla İbrahimxəlil: Molla Həmid, Nuxudan yola düşən adamlar Şeyx Salahın yazmağına
görə gərək bu gün ikinci çağı buraya yetişsinlər.

Molla Həmid: Bəli, ağa, dəxi tez.

Molla İbrahimxəlil: Molla Həmid, onlar gələndə hörmət elə, çadırda əyləşdir, əhvalat xəbər al, soruş ki, nə mətləbə gəliblər. Əgər desələr ki, pul gətirmişik, gümüş alacağıq, de ki, ustadım keçmiş kürələrin gümüşünü tamam Əylis ermənilərinə veribdir və bu əldəki kürənin gümüşü dəxi onlara satılıbdır və ikinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. Nahaq yerə siz cəfa çəkib gəlibsiniz... Ustadım sizdən nə pul qəbul edəcəkdir və nə də gümüş verə biləcəkdir. Əgər məni görmək istəsələr, de ki, ustadım üç günün etikafına əyləşib, ibadətdədir. Bu üç gundə adamla görüşmək və danışmaq ona mümkün deyil.

Molla Həmid: Niyə, ağa, belə buyurursan? Bəlkə elə dedim, pulları götürdülər, geri
qayıtdılar!

Molla İbrahimxəlil: Qərib əhməqsən, sən nuxuluları mənə tanıdırsan? Onları öldürəsən,
məni görməmiş və pulları mənə verməmiş buradan getməzlər. Sənə hər necə deyirəm, elə eylə! (Gedir öz çadırına.)

Molla Həmid: (dalınca) Baş üstə, ağa!

Bundan sonra, axşama iki saat qalmış nuxulular yetişir. Molla Həmid çadırdan bunların qabağına çıxır.

Nuxulular (Molla Həmidə): Səlam-əleyküm!

Molla Həmid: (onlara) Əleyküm-səlam! Xoş gəlibsiniz, səfa gətiribsiniz. Buyurun çadıra,
əyləşin, rahat olun!

Nuxulular: (Molla Həmidə) Çox müştaqvar idik sizi görməyə. Əhvalınız yaxşıdırmı?
Damağınız çağdırmı?

Molla Həmid: Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? Xüsusən Molla İbrahimxəlil kimi büzürgüvarın xidmətində!.. Nuxulular: Bəli, belə səfalı yer çox tapılar, amma Molla İbrahimxəlil kimi büzürgüvar ələ düşməz. Aya biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi?

Molla Həmid: Mövlana üç günün etikafına oturub, ibadətə məşğuldur. Bu üç gündə bəniadəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil. Üç gündən sonra onu görmək olar. Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var?

Nuxulular: Əvvələn, o cənabın ziyarəti ümdə mətləbdir. Saniyən, hər birimiz bir töhfeyihəqir xidmətinə gətirmişik, əgər qəbul edib öz şəfqətini bizə şamil edə.

Molla Həmid: Bəli, anladım. Yəqin ki, pul gətirmişsiniz, gümüş almaq istəyirsiniz. Həqiqətimətləb budur ki, mövlana Molla İbrahimxəlil sizdən pul almayacaqdır; ondan ötrü ki, keçən kürənin və əldəki kürənin gümüşünü tamam Əylis ermənilərinə sikkəli pulun iki çəkisi bərabəri sövda edib, veribdir və ikinci kürənin də iksirinin tamam və təkmil olmağına bir ay qalıbdır. Bu surətdə mümkün deyil ki, mövlana sizin pullarınızı qəbul etsin və sizə gümüş verə bilsin. Ələlxüsus gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hər kürənin gümüşünü bir ay, iki ay peşəki sövda edib alırlar. Nuxulular: Bizim ixlasımızın nisbəti mövlana Molla İbrahimxəlilə görə sair kimsənələrin ixlasına bənzəməz. Əgər biz özünü görə bilsəydik, çox yaxşı olardı.

Molla Həmid: Bu surətdə üç gün gərək səbr edəsiniz, taki mövlana müddəti-etikafını itmamə yetirə. Üç gün mənim əziz qonağımsınız.

Nuxulular: Çox yaxşı, çox gözəl.

Bu halda dərviş Abbas, sinni otuz, saçları çiyninə tökülmüş, gəndümgün, qırmasaqqal, dolu bığlı, uca qamətli, başında tac, çiynində pələng dərisi, əlində şahnəfir, qoltuğunda bir qırmızı böyük xoruz öz mənzilindən çıxıb heybətli səs ilə «ya hu, ya həqq» deyib, çadırların yuxarı səmtinə üz qoyub, bir münasib yerdə mıx çalıb, üç kərə şahnəfiri bozluyub, dağa-daşa səs salıb, xoruzu mıxa bağlayıb, Şeyx Sədinin əşarından bu üç fərdi xoş avaz ilə oxuyur.

N Ə Z M
Ruzi bəharəst xiz, ta bə-təmaşa rəvim,
Təkyə bər əyəm nist, ta-digər ayəd bəhar.
Xiz, qənimət şümər cünbüşi-badi-rəbi,
Naleyi-mövzuni-murğ, buyi-xoşi-laləzar.
Bərgi-dirəxtani-səbz dər nəzəri-huşmənd,
Hər vərəqi dəftərist mərifəti-girdgar.

Yenə üç kərə şahnəfiri bozluyub xoruzdan on qədəm iraq otların üstündə pusti-pələngi salıb, genə qaim və heybətli səs ilə «ya hu, ya həqq» çağırıb, pusti-pələngin üstündə iki dizin qucaqlayıb oturur. Nuxulular dərvişin və şahnəfirin səsindən, əvvəl halda, sərasimə çadırdan dişarı sıçrayıb, bu növ haləti-qəribənin müşahidəsindən mədhuşvar keyfiyyətin axırınadək nigəran olub dağdan-daşdan avazın əksi kəsilib sakit olandan sonra nəhayət təəccüb ilə Molla Həmidə mütəvəcceh olub məqami-suala gəlirlər.

Nuxulular: (Molla Həmidə) Molla Həmid, bu dərviş nədir, bu xoruz nədir?

Molla Həmid: (qəhqəhə ilə) Xa-xa-xa-xa-xa-xa! Bəli, bu sualı etməyə haq tə-rəfinizdədir. Çünki siz biçarələr əsrardan qafil və ülumi-hikmət və kimyadan bixəbər adamlarsınız. Haman ələf ki, iksirin cüzi-əzəmidir və vücudu bu dağlarda olur və mövlana Molla İbrahimxəlildən başqa bir kimsənə onu tanımağa qadir deyil, hükəmayi-Yunanın təhqiqinə görə xoruz sövti ilə nümüvv edər; dərviş Abbasın öhdəsinə müqərrərdir ki, hər axşam bu xoruzu gətirib, haman gördüyünüz rüsumu cari edib bir təzə yerdə bağlasın. Gecə sabahadək yatmasın, xoruzu çaqqal və tülküdən mühafizət etsin; tainki gecə xoruz banlasın və onun səsi ilə ələfi-iksir nümüvv etsin və xoruzun xidməti bə-qeyr öz tayi-feyi-dərviş sair əsnafi-xəlqə caiz deyil; necə ki, kitabi-Əcaibül-Qəraibdə sərahətən qeyd olunubdur.

Nuxulular: (təəccüb üzü ilə) Allahü əkbər... Sübhanallah...

P ə r d ə s a l ı n ı r.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR