Mirzə Əli Ləli - Boynuma kakilin, ey şux, kəmənd eyləmisən
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,
Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
Sayeyi-mərhəmətin başıma düşməz, nə səmər,
Ki, səhi qəddini bir sərvi-bülənd eyləmisən.
Bir nəfəs ləli-ləbin zikri dilimdən düşməz,
Məni tuti kimi tiryakiyi-qənd eyləmisən.
Göyə də çıxsa, müqabil dura bilməz qaşına,
Bir hilali ki, onu nəli-səmənd eyləmisən.
Afəli-çeşmdən, ey müğbəçə, təşviş etmə,
Könlümü məcməri-hüsnündə sipənd eyləmisən.
Bu gözü qaşına qurban oluın, ey məhparə,
Məni bu qaşü gözündən giləmənd eyləmisən.
Hamı heyran dolanır daireyi-zülfündə,
Neçə divanə bu zənciridə bənd eyləmisən?
Ozünə nəzr deyibsən məni qurban edəsən,
Mənə zibəndədi sən hər nə pəsənd eyləmisən.
Cümlə aşiqlərin azad gəzər aləmdə,
Bircə Ləlini giriftari-kəmənd eyləmisən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət