Dərc edildi: Baxış sayı: 1199
Mirzə Ələkbər Sabir - Adəmi adəm eyləyən parədir
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş ayaq eyb içində olsan da –
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın
Atəşi-xanə suzi-millət ikən –
Hər kəsin sacdəgahıdır xakın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq quruşun –
Mötəbərsən gözündə əşrafın;
Adəmi adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət