Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Üçüncü fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Üçüncü fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Üçüncü fəsil

ÜÇÜNCÜ FƏSİL

BAYAT QALASININ BİNA EDİLMƏSİNDƏN VƏ BAŞ

VERƏN SAİR HADİSƏLƏRDƏN BƏHS EDİR

Mərhum Pənah xan xanlıq adı almağı çox arzu edir və həmişə o ali mənsəbə rəğbət bəsləyirdi. Ruzgarın dərzisi gecə-gündüzün gərdişi nəticəsində onun ləyaqətli vücudunu o qiymətli xələtlə bəzədi. Beləliklə, xan öz məqsədinə nail oldu. O, oturub öz-özünə düşündü ki, haldan-hala girən fələkin hərəkatına heç vaxt inanmaq, xoşbəxtliyə və dövlətin artmasına qətiyyən bel bağlamaq olmaz. Hər an dəyişməkdə olan fələkin qoca qurdunun hiyləgərliyindən, rəngdən-rəngə girən çarxın alçaqlığından qafil olmaq ağıllı və bilikli adamlara yaramaz. Bundan sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq olmaz. Yaxşısı və münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman ora məskən, tənglik və bolluq vaxtında isə aman evi olsun; çünki şir nə qədər heybətli olsa da, ona bir hin lazımdır. Qızılquş quşların padşahıdır. Bütün quşlar onun çəngəli qarşısında acizdirlər. Lakin o da bir yuvada yerləşməlidir ki, bir hadisə üz verdiyi zaman bəla kəməndinin halqasından və düşmən əzabı duzağından asudə olsun.
Buna görə, gedib Bayatda 1161-ci ildə[1] bir qala, səngər, sığnaq və qərargah saldırdı. Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuziki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcədə səy və qeyrət edirdilər. Onlar Xəmsə[2] məliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır.

Şeir

Bir ağac ki, yeni dirçəlir, (o)
Bir adamın gücü ilə yerindən qopar.
Əgər onu bir zaman özbaşına buraxsan, (sonra)

Kotanla da onu kökündən qopara bilməzsən.

 

Hacı Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və Balakənədək bütün Şirvanat qoşunu cəm etdi; bilmədi ki:

Şeir

Bir çırağı ki, Allah yandıra,

Onu kim söndürmək istəsə, saqqalı yanar.

 

Saysız əsgər və hesabsız qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə ilə gəlib Bayat qalasını dörd bir tərəfdən mühasirəyə aldı.
Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı bildirmiş və hamısını yığıb səngərə dolduraraq sığnaq etmişdi. Hacı Çələbi gəldi və mühasirə ilə məşğul oldu. Hər gün mübahisə edir, didişib-döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı Çələbi məqsədinə çatmadan, külli zərərlə qayıtmaq təblini vurdurdu. O, yolda gedərkən dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq". Bu söz xalqın dilində və camaatın ağzında bir məsəl olaraq qalmışdır.
Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam. Cavanşir və Otuziki elatı yağı, Xəmsə məlikləri də mənə düşməndirlər. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdə kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində, Şahbulaq adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə  bitirərək oranı özünə məskən etdi.
O, Çiləbörd və Talış məlikləri  arasındakı çəkişmənin artmasına səy və qeyrət etdi. Günbəgün onların ittifaqını pərişan və birliklərinin (tifaqlarının) binasını viran etməklə məşğul oldu. Bu zaman, hökmranlıq gözəlinin xumarlı gözlərinə vurulan və məlikliyin gümüş baldırlı saqisi ilə qol-boyun olmaq fikrinə düşən Vərəndə məliki Məlik Şahnəzər, öz əmisi Məlik Hüsünü fəna piyaləsindən sərməst etdi (öldürdü). Məliklik sədası ilə cahana səs saldı və məliklik taxtında oturdu. Xəmsə məlikləri bu hadisəni eşitdikdə birləşərək Məlik Şahnəzərlə düşmənçilik etməyi qəti olaraq qərara aldılar. Onlar "sən nə üçün itaəti vacib olan əminə ağ olmusan" - deyib birlikdə onu cəzalandırmağa getdilər. Bu dörd məlik gəlincə, Məlik Şahnəzər də Çanaqçıda qala düzəldib, oraya çəkildi.
Xəmsə məlikləri gəlib bütün Vərəndə mahalını qarət etdilər. Qalanı almaqdan aciz qalaraq, məqsədlərinə çatmadan böyük peşmanlıqla geri qayıtdılar. Onlar (öz aralarında) belə əhd etdilər ki, bahar fəsli gəlib qalanı da alsınlar.
Məlik Şahnəzər özünü zəif və qol-qanadını sınmış gördü. O, gələcəyi gördüyündən, niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını qulağına asdı və xidmət kəmərini belinə bağladı. Xanın hüzurunda lazımi dərəcədə canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi. İndiki Şuşa şəhərinin yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra uca şanlı xanı gətirib bu yeri ona göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin binasını qoyub orada məskən etdi. Bu qalanı və möhkəm binanı düzəldib ölkənin mərkəzi etdi. Meqri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı. Kolanıların məskəni olub, Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi.
Bundan başqa, Naxçıvan elindən olub bir minbaşıya tabe Kəngərli eli, Gürcüstandakı Dəmirçi Həsənlilərdən olub, bayraq sahibi və bir minbaşıya tabe Dəmirçi Həsənli eli, yenə bir minbaşıdan asılı olan və Gürcüstanın məşhur elatından sayılan Cinni tayfası mərhum Pənah xanın ədalət, şövkət və təntənəsinin sədasını eşidərək öz xahişlərilə onun möhkəm bünövrəli, Allah vergisi olan dövlətinə pənah gətirdilər. Qarabağda yurd və məskən rutaraq böyük bir sədaqət və son dərəcə səmimiyyətlə Pənah xana itaət etdilər. Gözəl sədaqət və qabiliyyətlərinə görə, uca mərtəbəli xandan son dərəcədə hörmət, izzət və mərhəmət gördülər.
Bunlar tərəfindən heç bir xəyanət tozu uca xasiyyətli xanın qəlbinin aynasına oturmamışdı. Hallarında qətiyyən üsyan əsəri görünməmişdi.
Qarabağ vilayətinin əsil elatı, kənd əhalisindən başqa, Cavanşir, Otuziki və Kəbirlilərdir. Kəbirlilər də tam bir səmimiyyət və tərifəgəlməz bir sədaqətlə behiştlik xana xidmət etmişlər.
Axırda Cavanşir və Otuziki ellərindən bəzən elə hallar baş verdi ki, böyük olan xanın ürəyində onlara qarşı şübhə oyandı.
Xəmsə adı ilə məşhur olan beş mahalın hər birinin ayrı adı vardır. Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verirlər; çünki ərəb dilində beş ədədinə xəmsə deyirlər.
Bu mahalların biri - Dizaqdır. Məlikləri Məlik Yegan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlardan daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.
Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmdar olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Buna görə, məliklik pərisi hər an bir şəxsin məclisinin saqisi olmuş və hər vaxt bir hərifi sərxoş etmişdir. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini calal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı Məlik Mirzə xan özünün gözəl iradə və sədaqətli əqidəsinə görə, bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini gümüş kimi saf olan adına kəsdirdi. Ondan sonra da oğlu Məlik Allahverdi və nəvəsi Məlik Qəhrəman "Hər kəsin növbəti beş gündür" misrasının məzmununca, məliklik bayrağını göylərə qaldırdılar.
Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Cermux qalasını özlərinə məskən, sığınaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar. Nadir şahla osmanlı sərəskəri Köprülü oğlu Abdullah paşa arasında olan müharibədə, Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah da məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və xələti verdi. O (Nadir şah), əmr etdi ki, bundan sonra xas və avam camaat ona məlik deyil, sultan desin. Doğrudan da onlar dəbdəbəli qədim bir ocağa (ailəyə) mənsub imişlər.
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar Məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdu.
Mərhum Pənah xanın ilk hakimiyyət dövrlərində, Məlik Yegan övladından olan Dizaq məliki ona düşmən oldu və Allah vergisi olan o dövlətə qarşı üsyan etdi. Uzun zaman müharibə oldu və qırğın alovu aralarında şölələndi. Axırda, Allahın tövfiqi və pərvərdigarın köməyilə, mərhum Pənah xan qalib gəlib o nəsildən bir neçə nəfərini öldürdü... Onların qol-qanadları sındı və pərişan oldular.
Vərəndə məliklərindən Məlik Şahnəzər nəcib və böyük bir ailəyə mənsub olub çox varlı idi. Fəsahətli barmaqlarımız ənbər saçan qələm vasitəsilə onun əhvalatını yuxarıda zikr və bəyan etdi. Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Şahnəzər və oğlu Məlik Cəmşidin üstündə olmuşdur. Məlik Şahnəzərin bir qızı İbrahim xanın arvadı olduğundan, aralarında qohumluq da əmələ gəlmişdi. Lakin nəvəsi Məlik Ulubab Xaçında müxtəlif kəndlərdən və ayrı-ayrı qəsəbələrdən qoşun adı ilə dələduzları cəm etdi. Ballıqayanı səngər edərək mərhum Pənah xana qarşı üsyan qaldırdı. Behiştlik mərhum Pənah xan bu əhvalatı eşidincə, böyük bir sürət və əzəmətlə hərəkət etdi.
O möhkəm səngəri və sığınağı nifaq əhlinin ittifaqı və ixtilaf əhlinin ürəyi kimi pozub dağıtdı... Bundan sonra, Xaçın əhli itaət halqasını qulaqlarına taxıb, sədaqət xələtini çiyinlərinə saldılar. İtaətin aman evinə qədəm qoyub bir daha düşmənçilikdən dəm vurmadılar.
Behiştlik mərhum Pənah xanın ilk hakimiyyəti dövrlərində, Ağoğlanda yaşayan Çiləbörd məliki Allahqulu sultan, onunla görüşmək üçün hüzuruna gəldi. Bu zaman Naxçıvan hakimi Heydərqulu xan da mərhum Pənah xana qonaq idi. O, Allahqulu xanın calal, şövkət və dəbdəbəsini gördükdə, Pənah xana xatırlatdı ki, belə bir sultan sənə itaət etməz və iki calal sahibi bir şəhərdə (ölkədə) yola getməz. Vaxtın məsləhəti budur ki, xəncərin susuz ağzı onun boğazının qanından su içsin. Ağoğlanın lalə rəngli güllərini onun gül rəngli qanı ilə boyasın və dünyanı onun nəzərində tar etsin. Mərhum Pənah xan Heydərqulu xanın məsləhətini tamamilə düzgün və etirazsız bir məsələ hesab edib Allahqulu sultanı öldürtdü. Qardaşı Məlik Hətəm, Çiləbördün məliklik mülkünə sahib oldu.
Talışlı Məlik Usub bu məlikin (Məlik Hətəmin) köməkliyilə öz əmisini öldürərək məliklik taxtına oturdu. Bunların hər ikisi ittifaq edib ziddiyyət və nifaq bayrağını qaldırdılar. Cermux qalasına çəkilərək uzun müddət dava-döyüşdə kahıllıq etməyib qırğın və talandan əl çəkmədilər. Pənah xan da dəfələrlə hücum etdi və onlara bir çox tələfat verdi. Qalaları möhkəm olduğuna görə Pənah xan məqsədinə çatmadan geri qayıtdı. Lakin dağdan aşağı rast gəldiyi əkin məhsullarını zəbt və ordu atlarının ayaqları altında məhv etdi. Onları ağır bir vəziyyətdə qoydu. Onlar bu kimi ağır hallar qarşısında dörd il daha möhkəm və ruh yüksəkliyi ilə durdular. Bu müddət içərisində fitnə və fəsad yolu ilə gedərək inad və ədavət mülkünə hökmran oldular. Hər bir tərəfdən mərhum Pənah xanın əleyhinə döyüşə gələn xanların əsgərlərinə başçılıq etməkdə, qoşunlarının pişdarı olmaqda bir an süstlük və səhlənkarlıq etmirdilər.
Axırda, Pənah xan bunlara mübarizə meydanını o dərəcə təng etdi ki, qaçmağı qərara aldılar. Vətəndən ayrı düşməyi xoşbəxtlik sanıb öz elat və təbəələrilə hərəkət yükünü məğlubiyyət dəvəsinə yükləyərək Gəncə tərəfə getdilər, Şəmkir mahalında yeddi il çox zillət və son dərəcə çətinliklə dolandılar.

 

Dördüncü fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR