Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Dördüncü fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Dördüncü fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Dördüncü fəsil

DÖRDÜNCÜ FƏSİL

ŞUŞA QALASININ BİNA OLUNMASI VƏ
AĞA MƏHƏMMƏD ŞAHIN ATASI QACAR
MƏHƏMMƏDHƏSƏN XANIN MƏRHUM

PƏNAH XANLA MÜHARİBƏSİ HAQQINDADIR

Qarabağ vilayətinin ətrafı bir qədər asayiş tapıb Xəmsə məlikləri sakit olmağa başlayınca, baş qaldıran elatın bəzisi öz meyil və rəğbətlərilə, bəzisi də zorla mərhum Pənah xana itaət etdilər. Mərhum Pənah xan İranda olan qarışıqlığı eşitdiyi zaman, onun işıqlı ürəyinin aynasına belə bir fikir əks etdi ki, Gəncə, Qarabağ, Ərdəbil və Naxçıvan hakimlərini öz hökmranlığı altına alsın.
Az bir zaman içərisində, bəzilərini qol gücü ilə, bəzilərini də elçilər göndərmək və cürbəcür mehribanlıqlarla itaətə gətirib, özünə tabe etdi. Sarıcalı Dərgah bəyi Ərdəbil şəhərində hökumət işlərini idarə etmək üçün təyin etdi. Gəncə xanzadələrinə qulluq vermək və onları qulluqdan çıxartmaq da Pənah xanın əmrilə olurdu. Bir qayda olaraq, adları çəkilən vilayətlərdəki xanların övladlarından bir neçə nəfəri həmişə Şahbulaq qalasında girov olaraq saxlanırdı. Bir müddət keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq, Azərbaycan və Mazandar hüdudlarında istiqlaliyyət qazandı. Bu xəbər mərhum Pənah xana çatıncaya qədər yuxarıdakı qayda davam etdi.
Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: "Nadir şah öldürüləndən sonra, Əliqulu xan və Əmir Aslan sərdarla aramızda dostluq əlaqəsi və məhəbbət rabitəsi möhkəm idi. İndi ola bilər ki, Qacar Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşmənçilik yolunu tutsun. Ətraf xanlarından da xatircəmlik yoxdur və bu dövlətlə ürəkdən düşmən olan çoxdur. Ola bilər ki, Məhəmmədhəsən xanı təhrik etsinlər və ona qoşulub bizimlə müharibəyə girişsinlər. Ola bilsin ki, Qarabağın rəiyyət və elatı düşmən qoşunu atlarının ayaqları altında məhv olsun, Şahbulaq qalasının müdafiəyə tab və taqəti olmasın. Belə olan surətdə "hər bir hadisənin çarəsi qabaqcadan düşünülməlidir" misrasmin məzmununca əqlə və vaxtın tələbinə münasib xətt-hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayın olaq".
Yuxarıda işarə olunduğu kimi, Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyilə Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə Şuşa şəhərinin binasını qoydular.
Bütün yuxarıda deyilənlərə əsasən müəyyən etmək olar ki, Şuşa qalasının əsası ən geci 1751-ci ilin birinci iki ayı, yaxud 1750-ci ilin ikinci yarısında qoyulmuşdur.
Şahbulağında sakin olanları, bir para kənd əhalisilə köçürüb buraya gətirdilər. Hər bir şəxsə yurd və yer verib xalqı sakit etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarların asan bəzi yerlərdə indi də durur. Bu şəhərin bina edilməsindən bir il keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar Astarabad, Mazandaran və Gilan vilayətlərindən daşların sayından çox və yağışın qətrələrindən artıq qan-içən qoşun topladı, Şuşa şəhərini almaq məqsədilə hərəkət etdi. Şuşa qalasına yaxınlaşıb Xatun arxında dayandı. O bir çox tədbirlər gördü və hiylələr işlətdi ki, bəlkə bu vasitə ilə Pənah xanı itaət toruna salıb Qarabağ ovlağının ovçusu olsun. Lakin şahin ovlayan o qızılquşu (Pənah xanı) hiylə toruna salıb əsir edə bilmədi. Xatun arxında səfər yükünü açdı (düşdü), çadırını qurdu və səngərlər qazdırdı. Qarabağın igidləri onun qoşununa çox zərər yetirirdilər. Azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib aparırdılar.
Məhəmmədhəsən xan Qacar bu əsnada Kərim xan Zəndin tərəqqi və istila səsini eşitdi. Öz toplarını Xatun arxında qoyaraq qayıtmaq təblini çaldırdı və səfər bayrağını hərəkətə gətirdi. Mərhum Pənah xan o topları qalaya gətirtdi.
Qızılbaş qoşunu Şuşa şəhərini mühasirə etdiyi zaman, bu toplar uca olan Rusiya dövləti məmurlarının ixtiyarında idi. Lazım gəldiyi zaman onlardan istifadə edirdilər

 

Beşinci fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR