Mirkazim Nikbin - Sevgilim
Hər yağış yağanda, şimşək çaxanda,
O gözəl gözlərin yadıma düşür.
Dərin bir ah çəkib, çölə baxanda,
Rəsmin damlalarda axır, ötüşür.
O an gözüm dolur islanır yanaq,
Mən yox cismimdəki, ruhum ağlayır,
Zülmətə bürünür büst-bütün otaq,
Həsrət ürəyimi çarpaz dağlayır.
Kənardan özümə baxıb gülürəm,
Necə zəifəmmiş, mən necə aciz,
Gecələr doğulub, gündüz ölürəm,
Sənsiz yox olmuşam, itmişəm təmiz.
Bu qürbət eldədə, yad diyardada,
Gözlərim axtarır səni sevgilim.
Sənsiz rahat olmam mən məzardada,
Çoxdu ürəyimdə dərdim, nisgilim.
Sən ey gözlərimin ağı qarası,
Bu zülmət ömrümün nuru sevgilim.
Həsrətin sağalmaz illər yarası,
Təki sən özünü qoru sevgilim.
Dözərəm hər dərdə, hər bir əzaba,
Təkcə sən xoşbəxt ol, bircə sən var ol.
Sənsiz həyat dönər kor iztiraba,
Sən dərdli yaşama, sən bəxtiyar ol.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət