Dərc edildi: Baxış sayı: 683
Mirkazim Nikbin - Səbr et
Səpmisən toxumun kamil bir eşqin,
Xidmətdən yorulma barına səbr et.
Nazını çəkərək saf məhəbbətin,
Cəfası olsada yarına səbr et.
Uşaq tək böyütsən onu özünlə,
Qəlbini qəlbinə bağla gözünlə,
Tərbiyə eylə sən şirin sözünlə,
Zəhmətlə bəsləyib karına səbr et.
Dindirsən danışmaz, Güldürsən gülməz,
İncitsən yadlaşar yaxına gəlməz,
Səni özlüyündə o haqlı bilməz,
Yoxluqdan yorulma, varına səbr et.
Səbr et talehinə, səbr et yazına,
Hər gün başqalaşan gur avazına,
Düşüb şaxtasına, sərt ayazına,
Yaz gələr, qışında qarına səbr et.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət