Dərc edildi: Baxış sayı: 749
Mirkazim Nikbin - Leysan yağışı
Bir leysan yağışı yağsın istərəm,
Yerləri, göyləri yusun aparsın.
Bədnam ürəklərdə qalan kinləri,
Nifrət ağacını kökdən qoparsın.
Söndürsün dünyada zalım atəşin,
Qəlblərə od salan şərin günəşin,
Sındırsın fələyin əyri gərdişin,
O pak su dünyanın hər yerin sarsın.
Qərq olsun sulara büs bütün aləm,
Paklansın kirlənmiş hər bəni adəm,
Boğulsun yamanlar şeytanla bahəm,
Beləcə cəmiyyət şərdən qurtarsın.
O leysan islatsın ən dərin qatı,
Çapsın hər bir yanda sellərin atı,
Silsin yer üzündən bədnam həyatı,
Bəşəri axıdıb tez, haqqa varsın.
Bilirəm bu ancaq bir dilək, muraz,
Belə bir hadisə çox yəqin olmaz,
Mirkazim qəlbindən keçənləri yaz,
Oxuyan şerindən məna axtarsın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət