Slimfit
  1. İDMAN

"Minsk-2019"da Azərbaycanın bayraqdarı: Zəngilana getsəm, öz evimizi tapa bilərəm

"Minsk-2019"da Azərbaycanın bayraqdarı: Zəngilana getsəm, öz evimizi tapa bilərəm
Sakura

"Minsk-2019"da Azərbaycanın bayraqdarı: Zəngilana getsəm, öz evimizi tapa bilərəm

Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı sonuncu qızıl medalı qazanan karateçi Asiman Qurbanlı oldu.

Oxu.Az İndoneziyada keçirilmiş III İslam Həmrəylik Oyunlarının qalibi, Avropa çempionu (hər ikisi komanda şəklində), qitə birinciliyinin bürünc mükafatçısı (fərdi) Asiman Qurbanlının müsahibəsini təqdim edir.

– Bir yaşınız olanda Zəngilandan məcburi köçkün kimi Bakıya gəlmisiniz. Siz xatırlamasanız da, ailəniz həmin illəri yaxşı xatırlayar...

– Hər bir Azərbaycan vətəndaşı kimi mən də öz vətənimə bağlı bir insanam. Ola bilər ki, Zəngilan mənim yadımda qalmasın, amma oranın alınması üçün həyatımı verərəm, canımdan keçərəm. Çünki ailəm, yaxınlarım orada yaşayıblar. Günü bu gün də oranı istəyirəm. Anam və atam ora barədə mənə yetərincə danışıb. Evimizin şəkillərinə baxmışam. Elə başa düşürəm ki, hətta ora getsəm, öz evimizi tapa bilərəm.

– Nəsildə sizdən başqa karateçi olubmu?

– Atam da kareteçi olub. Gözümü açandan karate görmüşəm. Demək olar ki, üç yaşımdan karate ilə məşğul olmağa başlamışam. Artıq doqquz yaşımda hazır karateçi idim. İndinin özündə də məşqlərimə atam nəzarət edir. Bəyənmədiyi anlar əvvəllər çox olurdu. Düşünürəm ki, yəqin, indi məndən razı qalar. Çünki özü də görür ki, məşqlərdə çox əziyyət çəkirəm.

Bildiyiniz kimi, sonuncu Avropa Oyunlarının qalibi oldum və buna atam çox sevindi. Mənim çıxış etdiyim çəki dərəcəsində güclü idmançılar çox olduğundan, vətəndən yola salınanda çoxları məndən qızıl medal gözləmirdi. Amma mən ora ancaq qızıl medal qazanmaq istəyilə getmişdim. Bu barədə atama da demişdim.

– Əvvəllər heç finala çıxa bilmirdiniz. Nə idi həlledici görüşə çıxa bilməməyinizə səbəb?

– Əvvəllər +84 kq-da çıxış etmirdim. Bu ildən bu çəkidə çıxış etməyə başlamışam. Əvvəllər çıxış etdiyim 84 kq çəki dərəcəsində ya haqsızlıqla, ya da zədə ilə üzləşmişəm. Dizimdəki zədəyə görə bir il idmandan kənarda qalanda formaya düşmək də çətin olur. Amma bu il ilk dəfə Avstriyanın Zalsburq şəhərində güclü idmançıları məğlub edərək çempion oldum.

Həmçinin, bu il İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatında da yarımfinaladək rəqiblərə xal vermədən irəlilədim. Əslində, yarımfinalda dünya çempionu ilə görüşdə də rəqibimə xal verməmişdim.

Sadəcə, idmançının nüfuzuna görə ona qələbə verildi. Finala çıxsaydım, dörd dəfə əvvəl qalib gəldiyim serb karateçi ilə qarşılaşacaqdım və çox güman ki, ona qalib gəlib ilk dəfə böyüklərdə Avropa çempionu olacaqdım.

Sonra bürünc medal uğrunda görüşdə ukraynalıya qalib gəldim. Əslində, bəlkə də, belə olması yaxşı oldu. Çünki bundan sonra Avropa Oyunlarında çempion olmaq üçün məndə daha çox istək yarandı.

– Əvvəl böyüklərdə fərdi şəkildə ilk dəfə Avropa çempionatının medalını qazandınız, daha sonra Avropa Oyunlarının qalibi oldunuz. Bu ili sizin üçün uğurlu il adlandırmaq olar?

– Əlbəttə. Amma bir idmançı kimi qələbəyə doymuram. Çünki Avropa üçüncülüyü və Avropa Oyunlarının qalibi olduqdan sonra içimdə bir arxayınlıq yoxdur. Çox böyük məqsədlərim var. Olimpiadaya vəsiqə qazanıb, oradan qızıl medalla vətənə qayıtmaq istəyirəm. Bu nəticələr hələlik məni qane etmir.

Gələn il Parisdə keçiriləcək turnirdə ilk "üçlüy"ə düşənlər avtomatik olaraq Olimpiadaya vəsiqə qazanacaqlar. Bu yarış gələn il Bakıda keçiriləcək Avropa çempionatından sonra baş tutacaq.

– Qeyd etdiniz ki, çoxları sizdən Avropa Oyunlarında qızıl medal gözləmirdi. Düşünmürsünüz ki, bu sizə qarşı haqsızlıq idi?

– Açığı, mənim çəki dərəcəm hazırda ən çətin çəki dərəcələrindən biri sayılır. Bu çəkidə hər il dünya çempionu dəyişir. Mənə inam vardı. Amma Rafael Ağayevdən gözlənilən asanlıqla çempionluğu məndən heç kim gözləmirdi. Özüm, müəllimim, yaxınlarım isə məni tanıdığından, bunu gözləyirdi. Çünki onlar işin içində idilər.

– Avropa Oyunlarının qızıl medalı hazırda karyeranızın ən yüksək zirvəsi sayıla bilər?

– Hər bir medalın öz yeri var. Amma bu qızıl medal ad olaraq yüksəkdədir. Ad olaraq ona görə deyirəm ki, bundan əvvəlki yarışlarda daha güclü idmançılara qalib gəlsəm də, çempion ola bilməmişdim. Avropa Oyunlarında isə qızıl medalımı rəsmiləşdirdim. Ona görə də bu, mənim böyük uğurlarımdan biridir.

– Bağlanış mərasimində bayraqdar olmağınızı da sizin üçün nailiyyət sırasına qoşmaq olar. Bayrağın sizə həvalə edilməsi gözlənilməz oldu?

– Bəli. Bayrağımızı qaldırmağı, himnimizi səsləndirməyi həmişə xəyal etmişəm. İndi də deyəndə tüklərim biz-biz olur... Konkret o həyəcanı yaşamaq istəyirdim. Karate zalına gedəndə "ay da, bayraq buradan qalxacaq" deyə öz-özümə dedim. Şükür Allaha, bu hissi yaşadım. Ertəsi gün Rafael Ağayev mənə deyəndə ki, bayraqdar sən olacaqsan, özüm üçün fəxarət hissi duydum. Böyük bir arenada Azərbaycan bayrağını daşımaq böyük bir fəxr idi.

– Bir qədər keçmişə qayıdaq. 2011-ci ildə 19 yaşınızın tamam olmasından iki gün sonra qara kəmər qazanmağınız necə olub?

– Karate kumite və katadan ibarətdir. Biz yarışlarda kumite ilə məşğul olsaq da, karatenin bazası katadan götürülüb. Biz də karatedə müəyyən yerə gəldiyimizdən, Ümumdünya Şotokan Karate-do Federasiyası tərəfindən I qara dan kəməri ilə təltif olunmuşam. Fikrimdə var ki, II və III qara dan kəmərlərinə kimi əldə edim.

– 2014-cü ilin sentyabrında "Baku Open" beynəlxalq turnirində karyeranızın dayanmasına səbəb ola biləcək zədə almışdınız. Həmin anları necə xatırlayırsınız?

– Final görüşündə gözlənilməz şəkildə zədə aldım. Amma görüşü dayandırmadım. Sağ dizimin xaçvarı bağları qopdu. Həkim də bunu təsdiqlədi. Bu isə o demək idi ki, altı ay idmandan kənar qalmalı idim. Bu, karyeramın ən ağır dövrü idi.

Şükürlər olsun ki, o çətin anlardan başıuca çıxa bildim. Türkiyədə həkimə gedəndə o da təəccübləndi ki, çarpaz bağların qopa, amma döyüşü dayandırmayıb belə ayaqla davam etdirəsən. Məhz bu zədəyə görə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında iştirak edə bilmədim.

– 2012-ci ildə Bakıda gənclər arasında keçirilmiş Avropa çempionatının qalibi olmusunuz. Gələn il isə ilk dəfə Bakıda böyüklər arasında qitə birinciliyi baş tutacaq...

– Yüz faiz həmin Avropa çempionatına daha yaxşı hazırlaşacağam. Məqsəd qızıl medal qazanmaq olacaq. Yerli tribuna önündə çıxış edəcəyimdən, ikiqat motivasiya ilə mübarizə aparacağam.

– Dünya karatesinin "Brilyant oğlan"ı Rafael Ağayev sayılır. Rafael Ağayev adı siz karateçilər üçün hansı anlama gəlir?

– Rafael Ağayev indiki və sonrakı gənclər üçün canlı bir nümunədir. Biz əvvəl hansısa filmdə qəhrəmanlara baxıb stimul qazanırıqsa, gələcək nəsil də Rafaelin döyüşlərinə baxacaq. O, Azərbaycan dövləti üçün çox böyük bir fəxrdir. Heykəli qoyulası bir adamdır. Düzdür, yaş öz sözünü deyir. Amma inanıram ki, hələ onun uğurları davam edəcək və biz Olimpiadada ondan medal görəcəyik.

– Niyə bizdə ondan və İrina Zaretskayadan başqa, dünya çempionu yoxdur?

– Onlardan başqa, dünya çempionu olan olmasa da, o səviyyədə idmançılarımız var. Şahin Atamov (2012) və Ayxan Mamayev (2016) dünya çempionu olmaqdan son anda məhrum olublar. Hər iki idmançımız finalda uduzub.

– Onların dünya çempionu olmalarına nə mane olub?

– İdmandır, bir nəfər qalib gəlir, biri uduzur. Güclü qalib gəlir. Rafael Ağayev isə beşqat dünya çempionudur, başdan ayağa istedaddır. Arzumdur ki, Rafael Ağayevdən sonra Azərbaycanın dünya çempionatında qızıl medalçısı özüm olum.

– 84 kq-dan yuxarı çəkidə Şahin Atamov da çıxış edir. Münasibətləriniz necədir?

– O, mənim qardaşım kimidir. İkimiz də eyni klubun – "Qara Qaplan" klubunun üzvüyük. O məndən altı yaş böyükdür. Əvvəllər mənə məşqlərdə müəllimlik də edib. Sonra tale elə gətirib ki, yığma komandada bir-birimizə rəqib olmuşuq. 

– Millidə onu sıxışdırıb əsas heyət üzvünə çevrilmisiniz...

– Son zamanlar, bəli. Amma bu münasibətlərimizə heç bir xələl gətirmir. Çünki bu, rəqabətdir. Həmin an kim güclüdürsə, o da yarışa gedir. Vaxt olub ki, o, məndən güclü olub deyə, yarışlara o çıxıb. İdmandır da, idmanın bu hissəsi də var. 6-8 sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Premyer Liqa yarışında da +84 kq-da mən Azərbaycanı təmsil edəcəyəm.

– Bildiyimə görə, məşqçilik lisenziyası da almısınız. 27 yaş üçün bu, tez deyil?

– Yox. I dan qara kəmər sahibi olanda sənə lisenziya da verilir. 2012-ci ildə Azərbaycan Milli Karate Federasiyasından bu lisenziyanı almışam. Ona görə də Ayxan Mamayevlə birgə 2016-cı ilin yanvarından Həzi Aslanov metrosu yaxınlığında olan karate məktəbində məşqçilik edirik. Amma hazırda yığmaya görə bir az bu işlərə fasilə vermişik.

– Rafael Ağayev bizə müsahibəsində karatenin bəzi qaydalarının dəyişdirilməsindən danışmışdı. Məsələn, qələbədən sonra tatamidə güləşdə olduğu kimi, bayraqla dövrə vurmağa icazə verilmir...

– Amma Avropa Oyunlarında finaldan sonra bunu mən etdim (gülür).Fürsət tapıb Minskdə bayrağı götürüb bir az qaçdım. Düzdür, buna icazə yoxdur, buna görə narazılıq etdilər. Rafael də mənə dedi ki, sən bunu edəndə çox xoşuma gəldi. Bu, içdən gələn bir şey idi...

Qaydaların dəyişdirilməsinə gəlincə, istərdim ki, karatedə "video review"lar (videotəkrar) çox olsun. Xalın hesablanmayanda və ya sənə dəyməyən zərbə xal hesablananda təkrarlara baxmaq lazımdır.

– Avropa Oyunlarından sonra həm sonuncu qızıl medalımızı qazanan idmançı kimi, həm də bayraqdarımız kimi daha çox göz önündə olacağınız gözlənilirdi. Medianın diqqətindən kənarda qalmağınız nə ilə bağlıdır?

– Açığı, mənim də bu yöndə gözləntim vardı. Gözləyirdim ki, tək mən yox, digər dörd idmançını da televiziyalara çağıracaqlar. Bu, mənim üçün sürpriz oldu. Bəlkə də, II Avropa Oyunları da Bakıda keçirilsəydi, bizə daha çox maraq olardı. Amma ümumilikdə bu, mənim üçün elə də şişirdiləsi məqam deyil. Çünki üzdə olmağı çox da sevmirəm. Müğənni deyiləm, Xalq artisti deyiləm. İdmançıyam, işim bayrağı qaldırmaq, məşq etməkdir.       

– Qələbəyə görə qonaqlıq verdiniz?

– Yox, özüm istəmədim.

– Məşqinizi izlədim. Deyəsən, məşqlərdə sparrinqi tez-tez dəyişirsiniz... 

– Yarışlarda rəqiblərimin əksəriyyəti məndən uzun olur. Bizim idmançılarımızın isə boyu o qədər də hündür deyil. Amma çalışıram ki, ucaboyluları seçim. Bəstəboylu idmançı seçirəmsə, çalışıram ki, onun sürət tempinə uyğunlaşım. 

– Avropa Oyunlarının qalibi olduqdan sonra dostlarınızın sayında dəyişiklik oldu?

– Hamı səninlə yaxınlıq edə, amma səmimi olmaya bilər. Özüm o yerə çatdırmamışam ki, kimsə süni yaxınlıqla mənimlə dostluq qursun. Şükür Allaha, özüm dostlarımı seçməyi bacarıram.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR