Slimfit
  1. AZƏRBAYCAN

Milyonçuların pul qıymadığı Zərdabi

Milyonçuların pul qıymadığı Zərdabi
Sakura

Milyonçuların pul qıymadığı Zərdabi

Azər Qismət

“Ey Həsənbəy, müəllimi-dana!”. Seyid Əzim Şirvani ilk azərbaycanlı qəzet redaktoruna, mühərrirə məhz belə müraciət edirdi. Axundovu, Zərdabini, Bakıxanovu və digər ziyalıları o dövrdə parçalanmış xalqın vəziyyəti düşündürürdü. Problemlərin səbəbi bəlli idi. Seyid Əzimin təbirincə desək, “Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais”. O zaman hələ ki, Azərbaycan adlı dövlət yox idi. Rusiya imperiyasının tərkibində Yelizavetpol, Şamaxı və İrəvan quberniyaları vardı. Xalqı düşünənlər üçün tribuna da məhz 1875-ci ildə işıq üzü görən “Əkinçi” qəzeti oldu. İlk baxışdan qəzetin əsas istiqaməti kənd təsərrüfatı idi. Əslində, bu ad Şərq dəbdəbəsinə zidd olduğu üçün müəlliflər də lağlağı obyekti seçilirdilər. İxtisasca bioloq olan Zərdabi bu məsələdə Taleyran prinsipi ilə hərəkət etmişdi: “Nitq insanlara öz niyyətlərini gizlətmək üçün verilib” deyirdi məşhur fransız diplomat.

Qəzetin ətrafına yığışan ziyalılar öz vətənlərini inkişaf etmiş ölkələr cərgəsində görmək istəyirdilər. Senzura şəraitində xalqı savadlandırmaq üçün onlar kənd təsərrüfatı pərdəsi altında iş görməyə məcbur idilər. Bəs, o zaman dünyada hansı proseslər gedirdi? Tarixə nəzər salaq: birinci sənaye inqilabı  baş vermiş, Avropanın əksər ölkələrində kapitalizm bərqərar olmuşdu.  O dövrün kənd təsərrüfatı və toxuculuq sənayesindəki inqilab isə ucqar Azərbaycana gəlib çıxmamışdı. Hələ o illərdə Zərdabi və onun komandası aqrar sektorla bağlı xəbərlərə görə Rusiya mətbuatını da qabaqlamışdı. Əgər Rusiyanın məşhur “Nauka i jizn” jurnalının 1890-cı ildəki 1-ci nömrəsində müasir istixananın təsviri verilmişdisə, “Əkinçi”nin komandası bunu dair 15 il əvvəl məqalə dərc etmişdi. Qəzetin çıxdığı dövrdə Vətənimiz digər Şərq ölkələri kimi hələ feodal münasibətləri ilə vidalaşmamışdı. Həsən bəy yalnız aqrar sektora dair qəzet çıxara bilərdi. Digər tipli qəzetin çıxarılmasına heç cür imkan verilməzdi. Qəzeti vərəqləyərkən o dövr üçün elə müasir məqalələrə, xəbərlərə rast gəlinir ki, onu azərbaycanlı kəndli yalnız yuxusunda görərdi.

 “Almaniya qəzetlərində yazırlar ki, bir toyuq ömründə 600 yumurta yumurtdaya bilir. İngilis məmləkətində inək sağmaqdan ötrü bir quttaperçi düdük bina ediblər ki, o düdüyün 4 ucu var. Hər bir ucunun içinə inəyin bir əmcəyini salanda inəyin sütü özbaşına qurtarınca axır, sonra düdük özü düşür”. (18 noyabr 1875, No9).

Göründüyü kimi, Əsgər Mirzə Gorani müasir sağım avadanlığının mexaniki formasını təsvir edib.  Hazırki sağım cihazının fərqi isə onun elektrikləşdirilməsidir.

10-cu nömrədə isə çəyirtkə ilə mübarizədən söhbət açılıb.  O dövrdəki mübarizə metodları indikindən çox da fərqlənmir.

“Çəyirtkəni yumurta vaxtında tələf etmək məsləhətdir”. (2 dek 1875, No10). 

16 yanvar 1876-cı ildəki ilk nömrədə kotanın quruluşu barədə məlumat verilir. Qeyd olunur ki, alimlər su buxarı ilə işləyən kotan üzərində düşünürlər.

1876-cı ildəki 3-cü nömrədə isə insandan heyvana və əksinə keçən xəstəliklərdən söz açılır:

“İmtahan ilə bəyan olub ki, bəzi naxoşluq insandan heyvana və ya heyvandan insana düşür”. (15 fevral 1876 No3).

“Əkinçi” qəzeti böyük ziyalıların arzularının təcəssümü idi. Bəs, böyük Zərdabinin qələmə aldığı ideyalar həyata keçdimi? Bəli, həyata keçdi. 19-cu əsrdə bir böyük azərbaycanlının arzuladığı təxminən 100 il sonra alındı. Azərbaycan tezliklə baramaçılıq, üzümçülük və digər sahələrdə Sovet İttifaqının qabaqcılına çevrildi. Həmin dövrdə ölkəmiz herpetologiya, yəni ilan zəhərinin hazırlanmasına görə təkcə İttifaq deyil, dünya liderinə çevrildi. Sözügedən dövrdə kənd həyatına dair çox sayda filmlər ərsəyə gəldi, kəndin mədəni səviyyəsi yüksəldi. Bunu görmək üçün 70-80-ci illərin filmlərinə baxmaq kifayətdir. Bəli, axundovlar, sabirlər, nərimanovlar məhz belə ölkə arzulayırdılar.

“Əkinçi” qəzeti əməkdaşları böyük ilkə imza atdılar. Bunu qəzet çıxarmaq üçün azərbaycanlı milyonçulara yaxınlaşan, kimsədən pul ala bilməyən, üzünə və arxasınca gülünən, bəzən şaqqanaq çəkilən Zərdabi etməyi bacardı. İndiki dövrün sahibkarlarının intelektə pul qıymadıqlarını o illərdəki milyonçular da etmişdilər. Tarix təkrarlanır. Ortada isə yalnız və yalnız intelekt işıqları qalır. 

Səni yadlar önündə əyilən görmədilər,

Əzmindən bir an geri çəkilən görmədilər.

 

Mənbə: Qafqazinfo.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR