Slimfit
  1. AZƏRBAYCAN

Millsin İrəvanı silkələyən Qarabağ bəyanatı: ABŞ-ın təsiri...

Millsin İrəvanı silkələyən Qarabağ bəyanatı: ABŞ-ın təsiri...
Sakura

Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Millsin Dağlıq Qarabağ münaqişəsinin…

Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Millsin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışı son günlər erməni mətbuatını zəbt edib. Bundan əvvəl də ATƏT-in Misk Qrupunun həmsədri kimi fəaliyyətinin son günündə Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 6 elementi ictimaiyyətə açıqlamışdı.

Maraqlıdır ki, ABŞ diplomatları Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi əhəmiyyət kəsb edən ədalətli bəyanatları adətən öz fəaliyyətlərinin son günlərində səsləndirirlər.

Məsələ ilə bağlı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Eldar bəy, ABŞ diplomatları niyə fəaliyyətlərinin son günlərində Qarabağ münaqişəsinin həlli ilə bağlı strateji əhəmiyyət kəsb edən açıqlamalar verir?

- Maraqlı sualdır. Bunun birinci və ağlabatan izahı odur ki, insanlar başa düşürlər ki, onların Ermənistanda missiyası başa çatır və Ermənistanı tərk edəcəklər. Artıq erməni diplomatları və siyasətçiləri ilə sıx təmasda olmayacaqlar. Buna görə də ürəklərində yığdıqlarını onların üzünə açıq deyirlər. Bu yaxşı haldır. Ona görə ki, diplomatlar bu tipli bəyanatlarla erməniləri ciddi şəkildə silkələyirlər.

Ancaq məsələyə başqa aspektdən də baxmaq olar. Əvvəlki illərdə də daima Ermənistanda olan ABŞ diplomatları işini başa çatdırıb oranı tərk edirdilər. Səfirlər, səfirlərin müavinləri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrləri və s. Ancaq bu zaman onlar hansısa yekun bəyanatlarla çıxış etmirdilər.

- Və artıq bu cür bəyanatlar verməyə başlayıblar. Niyə?

- Ermənistanda böyük reaksiyaya səbəb ola biləcək bu cür açıqlamalar artıq ardıcıl səsləndirilir. Həm Riçard Hoqlandı, həm də Riçard Millsi şəxsən tanıyıram. Qarabağ məsələsi ilə bağlı onlarla saatlarla söhbətlərim olub. Axrıncı təqribən 1 il əvvəl onlarla Tiflisdə görüşümüz olmuşdu. Mən hesab edirəm ki, bu bəyanatlar təsadüfi deyil. Əgər xatırlayırsınızsa, cənab Millsin başqa, Ermənistanda böyük əks-səda yaradacaq bəyanatı da olmuşdu. Hətta bəziləri deyirdilər ki, bu bəyanat Ermənistanda “məxməri inqilab”ın reallaşmasına təsir göstərən amil oldu. Aylar öncə Millsin ABŞ-dan Ermənistana ayrılacaq yatırımlarla bağlı verdiyi bəyanatı nəzərdə tuturam. Mills öz çıxışında bildirmişdi ki, keçən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb. Ermənistan mətbuatı ABŞ-ın Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağa hazır olduğunu da bəyan etmişdi. Bu rəqəm isə erməni iqtisadiyyatı üçün çox cəlbedicidir. Hətta ermənilər 1 milyon miqdarında yatırıma belə çox sevinirlər. Mills bildirmişdi ki, ancaq bu o halda mümkün ola bilər ki, ermənilər öz taleləri ilə bağlı qərarları özləri versin, başqa ölkənin diqtəsi ilə hərəkət etməsin. Bu, Ermənistana ciddi bir şillə idi. Həmin bəyanat aylarla Ermənistan mediasında müzakirə olundu. Yəni Mills açıq dedi ki, Ermənistan müstəqil ölkə və müstəqil şəkildə qərar vermək iqtidarında deyil. O, Ermənistanın həm daxili, həm də xarici siyasətdə Rusiyadan asılı şəkildə hərəkət etdiyinə eyham vurdu. Mills qeyd etdi ki, müstəqil olmayan, başqa ölkənin diqtəsi ilə hərəkət edən ölkəyə ABŞ yardım etməz. Əgər Ermənistan ABŞ-dan, Avropadan yardım almaq istəyirsə, ilk növbədə öz siyasətində düzəliş etməlidir. Həqiqətən müstəqil olanda Qərb Ermənistanla əməkdaşlıq qura bilər. Bu bəyanatdan sonra Ermənistan cəmiyyəti həftələrlə özünə gələ bilmədi.

Ən maraqlısı da o idi ki, Ermənistan mətbuatında gedən məqalələrin hardasa 90%-də Millsin bu şilləsinə müsbət reaksiya verildi. Ermənistanın müstəqil olmadığını bir çoxları boynuna aldı. Hətta məqalələrdə xarici və daxili siyasətdə strateji amillərin hamısının Moskvanın əlində olması göstərildi. Qərbin Ermənistana bu kimi amillərə görə dəstək vermədiyi qeyd edildi. Demək istəyirəm ki, o zaman axı Riçard Mils hələ fəaliyyətini dayandırmamışdı. Onda hələ də ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində idi. Yəni ABŞ tərəfindən reallıqlar son bir neçə ildir ki, mütəmadi olaraq, dilə gətirilir.

Hesab edirəm ki, Ermənistanda olan ictimai-siyasi qüvvələrə və sonrakı proseslərə də həmin bəyanat təsir etdi. Paşinyanın hakimiyyətə gəlməsi üçün baş verən proseslərə də Millsin bu sözləri çox ciddi təkan oldu. Bu ondan xəbər verir ki, Millsin indiki Qarabağ münaqişəsi ilə bağlı bəyanatı da təsdüfi deyil. O, faktiki olaraq, Ermənistan cəmiyyətinə açıq dedi ki, sizin rəhbərləriniz sizi aldadır. Hətta onlar təkcə erməni cəmiyyətini deyil, beynəlxalq ictimaiyyəti də aldatmağa cəhd göstərirlər.

Beynəlxalq ictimaiyyət qarşısında 7 rayonu işğal etdiklərini təsdiqləyir və torpaqların azad olunmasının gündəlikdə olduğunu bildirirlər. Erməni cəmiyyətinə isə həmin rayonların azad edilməsinin yolverilməz olduğunu aşılayırlar. Qarabağ məsələsi bu günə qədər ona görə həllini tapmır ki, erməni rəhbərləri bu həqiqəti erməni ictimaiyyətindən gizlədir. Sülh danışıqları zamanı isə erməni xalqının kompromislərə hazır olmadığını vurğulayırlar. Bunun da bir səbəbi var ki, erməni rəhbərlər torpaqların azad olunmalı olduğunu xalqa aşılamır. Bu məsələ ilə bağlı düzgün təbliğat işi aparılmır. Amma şübhəsiz, torpaqların işğaldan azad olunması qaçılmazdır. Erməni rəhbərliyi bunu öz cəmiyyətinə düzgün izah edə bilmir. Cəmiyyəti 1 sm torpağı da azad etməyin mümkünsüzlüyünə kökləyirlər. Ona görə də cəmiyyət bu məsələnin həllinə hazır olmur. Erməni rəhbərlərinin illərdir apardığı təbliğat xalqı aldatmaqdır. Çünki bu məsələnin öz həllini tapmasını beynəlxalq hüquq, prinsiplər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi sənədlər tələb edir.

- Belə çıxır ki, artıq ikinci dəfədir Mills öz bəyanatları ilə erməni cəmiyyətinə və rəhbərliyinə mesaj verir. Bunun hansısa nəticəsi olacaqmı?

- Millsin bu açıqlamasına ilk reaksiya verən erməni icmalçıları açıq şəkildə Sərkisyan və Köçəryanın xalqı aldatdığını qeyd etdi. Onlar Sərkisyanın da, Köçəryanın da yalandan xalqda torpaqların heç vaxt azad oluna bilməyəcəyi ilə bağlı rəy yaratdığını bildirdilər. Yeganə Levon Ter Petrosyan idi ki, vaxtı ilə çox səmimi və açıq şəkildə torpaqları qaytarmalı olduqlarını erməni xalqına izah etməyə çalışmışdı.

Riçard Mills bu gün təkcə öz adından yox, bütün beynəlxalq ictimaiyyət, Qərb adından bu bəyanatı səsləndirdi. Bu cür bəyanatlar artıq Ermənistanda tez-tez gündəmə gəlir və müzakirələrə səbəb olur. Doğrudur, buna mənfi reaksiyalar davam edir. Ancaq bütün hallarda Mills diplomat kimi çox ciddi bir hərəkət etdi. O, bunu etməyə və Ermənistanla xoş sözlərlə xüdahafizləşə də bilərdi.

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Millsin çıxışına münasibətini necə qiymətləndirirsiniz?

- Rusiya başa düşür ki, Millsin əvvəlki bəyanatı da Ermənistanda çox böyük rezonans doğurmuşdu və ictimai-siyasi proseslərə təsirsiz ötüşməmişdi. Bu gün də Millsin Qarabağ münaqişəsi ilə bağlı açıqlaması böyük ajioataja səbəb olub və bu, erməni cəmiyyətində çox ciddi müzakirələrə səbəb olur. Buna görə də Rusiya reaksiya verir. Rusiya bununla etiraf edir ki, Millsin, başqa sözlə desək, ABŞ-ın bəyanatları Ermənistanda çox böyük təsirə malikdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR