Millinin yeni baş məşqçisi nə zaman açıqlanacaq?
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında milli komandalarımızla bağlı aparılan müzakirələr və çıxarılan qərarlar barədə açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərlə söhbətində bunları qeyd edib:
“Millinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin. “Qarabağ”ın nəticələri də bizim üçün vacibdi. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”.
AFFA rəsmisi bildirib ki, aşağı yaş qruplarından ibarət yığmalar tərəfindən strateji plan təqdim olunmayıb. Bu səbəbdən, U-19 istisna olmaqla, digər yığmaların baş məşqçiləri ilə müqavilələrə xitam verilib.
Məmmədovun sözlərinə görə, Azərbaycan milli komandasının yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq. Yeni baş məşqçinin adı isə İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəllərində nəzərdə tutulan toplantısında açıqlana bilər.
Baş katib bildirib ki, indiyədək milli komanda üçün bütün şərait yaradılıb:
“Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsüm UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət