Milli Qəhrəmanın ailəsinə ev verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Peşə Tədrisi Mərkəzi istifadəyə verilib və bir qrup şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib.
"Qafqazinfo" xəbər verir ki, hər iki tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər.
Peşə Tədrisi Mərkəzinin açılışında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev əhalinin səmərəli məşğulluğunun təminatının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu gün Gəncə şəhərində də Peşə Tədrisi Mərkəzi istifadəyə verilir. Mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkili həyata keçiriləcək.
F.Musayev müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə tədris prosesinin aparılacağını qeyd edib. O diqqətə çatdırıb ki, il ərzində 850-900 nəfər Mərkəzdə peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə onların maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılıb. Peşə Tədrisi Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərir.
Daha sonra Gəncə şəhərində bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim edilib. Mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya üçotaqlı mənzil təqdim edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət