Milli Parka direktor vəzifəsinə işə qəbul üzrə müsahibə
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub.
"Qafqazinfo" xəbər verir ki, müsahibə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın şəxs Nazirliyə müraciət edib: “Bu gün xüsusi olaraq Ağgöl Milli Parkında direktor vəzifəsinə vakant yer var.
Bu gün müsahibədə qoyulan bütün kriteriyalara cavab verən namizəd Ağgöl Milli Parkına direktor təyin olunacaq. Müsahibənin nəticəsi isə bu gün və ya sabah qiymətləndirmə aparıldıqdan sonra açıqlanacaq. Eyni zamanda, bu gün müsahibədə iştirak edən və kriteriyalara cavab verən digər namizədlərin də adları Nazirliyin kadr bazasına daxil ediləcək və milli parklarda direktor vəzifəsinə vakant yerlər olduqda isə həmin namizədlərə müraciət olunacaq”.
Müsahibədə iştirak edən Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını bildirib: "Əgər müsahibədən keçsəm, nazirliyin, dövlətin qarşımıza qoyduğu məsələlərin həyata keçirilməsinə var qüvvəmlə çalışacağam. Müsahibədə iştirak etdim və müsahibənin şəffaf və demokratik şəkildə keçirilməsindən razı qaldım''.
Müsahibədə iştirak edən yeganə qadın namizəd Sevil Məmmədli də müsabiqə barədə internetdən məlumat aldığını deyib:'' Istərdim ki, milli parklarda direktorlardan bir neçəsi qadın olsun və öz bacarıqlarını sübut etsinlər''.
Qeyd edək ki, may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət