Milli Məclisdə çağırış: “Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycana təhvil verilməlidir”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə İranla gərginliyin azaldılması, ölkələrimiz arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır. Son günlər İran tərəfinin ölkəmizə qarşı siyasətində də müsbət dəyişikliklər hiss olunur. Əvvəlki dövrlərdəki sərt bəyanat və ittihamlar azalıb. Onu da qeyd edim ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir. İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndir, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat əlavə edib ki, bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə “Kərimə dövləti” qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır.
“Onları əksəriyyət tanıyır. Bu da məlumdur ki, İranda oturub ölkəmizə qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil. Onlarla belə şəxs İranda bu cür fəaliyyətləri zaman-zaman davam etdirir. Bu, əksər hallarda daha çox münasibətlər gərginləşəndə özünü büruzə verir. Düşünürəm ki, münasibətlərin daha da normallşadırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir”, - deyə Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir.
“Əslində son günlər hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadırlar. Ancaq bu da reallıqdır ki, onların sayı onminlərlərdir. Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir. Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik”, - deyə o fikirlərini yekunlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət