Slimfit
  1. MƏDƏNİYYƏT

Milli Dram Teatrında İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək

Milli Dram Teatrında İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək
Sakura

Milli Dram Teatrında İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək

Oktyabrın 11-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Mərasimdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkara həsr olunan videoçarx nümayiş etdiriləcək. Anım mərasimində İlham Əsgərovun Azərbaycan Teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Sonra isə İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edir.

Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını vaxtilə xalq artisti İlham Əsgərov canlandırıb.

Qeyd edək ki, İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR