Slimfit
  1. MƏDƏNİYYƏT

Millətin milliliyini saxlayan onun dilidir

Millətin milliliyini saxlayan onun dilidir
Sakura

Millətin milliliyini saxlayan onun dilidir

Dil sadəcə ünsiyyət deyil, bəzən ən böyük təsir, ən güclü təsəlli vasitəsidir. Bircə sözlə insanı yaşatmaq da olar, öldürmək də. Dünyanın ən böyük möcüzəsi də odur. Yəqin, ilk bəşər övladları dil açıb, söz deməyi ona görə icad ediblər ki, onsuz yaşamaq çətin olub. Beləcə, dil insanlıqla birlikdə uzun bir yol alıb. Tarixlərdən keçə-keçə durulub, aydınlaşıb, zənginləşib. Kimi onu göylərə yüksəldib, kimi yerlə yeksan edib. 

İnsan idrakı ilə xariqələr yaratmağa qadirdir. Çox böyük xəyallar, əlçatmaz sanılan arzular onun zəkası ilə reallığa çevrilib. Ancaq dünyanın faniliyini, ömrün keçəriliyini dəyişə bilməyib. Bunun çarəsini də yenə sözün qüdrətində tapıb. Öz mənəvi dünyasını, sevincini, kədərini, sevgisini, nifrətini, arzularını, ümidsizliyini əks etdirmək üçün ona üz tutub. Gah sözlərə sığal çəkib, oxşayıb, əzizləyib, gah da onu ən kəsərli silaha çevirib. 
Söz ölümsüzdür. Çünki onu yaşadan dil var. Adına ana dili deyirlər. Hər millət üçün öz dili ən böyük dəyəri, ən qiymətli mənəvi xəzinəsidir. Ana dili millətin var olmasını şərtləndirən əsas amillərdən biridir. Dünyada yüzlərlə dil var. Ana dilimiz onların sırasında özünəməxsus yer tutur. Hər bir dilin özünə xas xüsusiyyəti, gözəlliyi var. Ancaq bizim üçün Azərbaycan dilinin tayı-bərabəri yoxdur. 
Bu möhtəşəm dil mənsub olduğu millətin özü kimi başıbəlalı olub. Azərbaycan dili tarixin qovğalarından keçərək bugünümüzə gəlib. Zaman-zaman torpaqlarımızı işğal edən yadellilər onun ən dəyərli sərvətlərini əlindən almağa cəhd göstərmişlər. Beləcə, ayrı-ayrı əsrlərdə ana dilimizdə də yavaş-yavaş ərəb, fars sözləri yer alıb. XIX əsrin əvvəllərində Çar Rusiyasının istilasından sonra ruslaşdırma siyasəti dilimizə layiqincə sahiblənməyimizdə ciddi maneəyə çevrilib.
XX əsrin ikinci onilliyində Azərbaycan yenidən işğala məruz qaldı. Bu dəfə də Rusiyada çarizmi məğlubiyyətə uğradaraq hakimiyyətə gələn bolşevik hökuməti ölkəmizi öz müstəmləkəsinə çevirdi. Millətimizi əsarətində saxlamaq üçün onu öz soy-kökündən uzaqlaşdırmaq, milli kimliyini unutdurmaq yeni işğalçı hökumətin də apardığı siyasətin ən mühüm hissəsi oldu. Sovet hakimiyyətinin dəhşətli repressiya siyasəti də əsasən bu məqsədə xidmət edirdi. O vaxtlar görünən bu idi ki, hakimiyyət öz istəyinə nail olmaqdadır. 
Sərt qadağaların, qayda-qanunların, təzyiqlərin hökm sürdüyü illərdə Azərbaycanın görkəmli şəxsiyyətləri, tanınmış ziyalıları arasında dilimizin saflığı, qorunub-saxlanılması uğrunda fəaliyyət göstərənlər var idi. Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycan dilinin respublikamızda dövlət dilinə çevrilməsində əvəzsiz xidmətləri oldu. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildikdən sonra bu istiqamətdə xüsusilə böyük işlər həyata keçirildi. Onun verdiyi fərman və sərəncamlarda, tövsiyələrində, çıxış və məruzələrində dilin inkişafı, bu sahədə meydana çıxan problemin həlli vacib hesab edilirdi.
XX əsrin sonuncu onilliyindən tale bu millətin üzünə yenidən güldü. Fədakarları, fədailəri onun uğrunda mübarizəyə qalxdılar. İtkilərimiz çox olsa da, ən ülvü arzumuz, ən böyük məqsədimiz həyata keçdi. Dövlətimizin müstəqilliyi bərpa olundu. 
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra əsas vəzifələrdən biri də yeni dövlətin dil siyasətinin həyata keçirilməsi ilə bağlı idı. Qarşıda çox böyük, məsul vəzifələr dururdu. Müstəqil dövlətimizin xarici ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirilməli idi. Eyni zamanda informasiya texnologiyalarının sürətli inkişafı dildə yeni sözlərin əmələ gəldiyi bir zamanda ana dilinin saflığının qorunması olduqca ciddi məsələ idi. Həmin illərdə Azərbaycan dilinin tətbiqi ilə bağlı müxtəlif tədbirlər keçirilirdi.
Respublikada dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində və milli həmrəyliyin göstəricisi olaraq dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsində böyük işlər həyata keçirildi. Dövlətin, millətin tarixi üçün çox əhəmiyyətli olan bu məsələdə Heydər Əliyev misilsiz xidmətlər göstərdi. Müstəqil Azərbaycanın 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, eləcə də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanlar ana dilimizin dövlət dili kimi qorunması və inkişafına böyük təkan verdi. 
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda bildirilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hislərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”. Fərmandan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bu sahənin mütəxəssisləri üçün proqram yaradıldı və geniş işlərə başlandı.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman bir daha nəzərə çatdırdı ki, müstəqil dövlətimizin rəsmi dövlət dili olan Azərbaycan dilinin qorunması, daim qayğı ilə əhatə edilməsi hər kəsin müqəddəs vətəndaşlıq borcudur. Eyni zamanda sənəddə dövlət dilinin inkişafı üçün zəruri ictimai, siyasi, mədəni şəraitin yaranması şərh olundu. 
Bu fərmandan sonra, 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alındı. Ümummilli lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları əsasında latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyat nümunələri çap olunaraq istifadəyə verildi. Həmçinin Prezidentin “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsinə zəmin yaratdı.
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev 2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı imzaladı.
Azərbaycan dilinin təbliği ilə bağlı KİV-in də qarşısına müəyyən məsələlər qoyulub. Sənəddə KİV-də dövlət dilinin təbliğinin gücləndirilməsi, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və KİV sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi, eləcə də teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması kimi mühüm məsələlərə yer verilib. QHT-lərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, “dəyirmi masa”lar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi də sənəddə əksini tapıb.
Dünyada çoxlu azərbaycanlı yaşayır. Onlar harada yaşamalarından asılı olmayaraq, Azərbaycan dilinə qürurla “Ana dilim” deyirlər. Rusiyada, İranda, Türkiyədə, Gürcüstanda, Ukraynada, ərəb ölkələrində, Avropa ölkələrində... yaşayan soydaşlarımızın əksəriyyəti doğma dillərini ən qiymətli sərvət kimi qoruyub yaşadırlar. Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görən ümummilli lider Heydər Əliyev deyib: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkçə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”. 
Azərbaycan dili bizim keçmişimiz, bugünümüz, gələcəyimizdir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu böyük hislərlə yaşamalı, öz ana dilini unutmamalı, milli adət-ənənələrini qoruyub saxlamalıdır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR