Dərc edildi: Baxış sayı: 771
Mikayıl Müşfiq - İşidir
Xeyr, hörüklərin deyildir ilan,
O əski şairlər söyləmiş yalan,
Məni xəyal kimi ayağa salan
O coşqun dalğalı telin işidir.
Bunu yaxşı bilir tanış yolçular,
Nə sən günahkarsan, nə mən günahkar.
Bu ovçu könlümə verməyə qərar,
O zərif qamətin, belin işidir.
Müşfiqəm, sözümdə tapılmaz yalan,
Gözündür könlümü odlara salan,
Qəlbimi ovlayıb, canımı alan,
O bülbül nəğməli dilin işidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət