Miçel Azərbaycan millisində oynayacaq? - İspan mediası
"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "La Nueva Espana" nəşri məlumat yayıb.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bugünkü açıqlamasında xəbəri təkzib edib: “Miçel Azərbaycan vətəndaşlığı almaq üçün qanunvericilikdə tələb olunan şərtlərdən birinə uyğun gələ bilər. Bu da Azərbaycanda 5 il yaşamaq məsələsidir. Ancaq ispaniyalı futbolçu 2015-ci ildən ölkəmizdə çıxış edir. Yəni, hazırda belə bir şey mümkün deyil. Digər tərəfdən, hansısa futbolçunun milliləşdirilməsi üçün ilk növbədə baş məşqçinin istəyi və oyunçunun razılığı olmalıdır. Yalnız bundan sonra AFFA FIFA-nın qaydalarına uyğun olaraq, milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Hazırda Miçellə bağlı belə bir məsələ müzakirə mövzusu deyil”.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin gələn il Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFAnın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.
Xatırladaq ki, Miçelin "Qarabağ"dakı braziliyalı komanda yoldaşı Riçard Almeyda da iki il əvvəl milliləşdirilərək yığmamıza cəlb olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət