Məzunları magistraturaya ən çox qəbul olunan ali məktəblərin adları məlum olub
Azərbaycanda ötən il məzunları magistraturaya ən çox qəbul olunan ali təhsil müəssisələrinin adları açıqlanıb.
“Report” xəbər verir ki, həmin məktəblərin adları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.
Belə ki, magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Ali Neft Məktəbi, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Mühəndislik Universitetinin məzunlarına məxsusdur.
Dövlət Gömrük Komitəsinin Akademiyasının 16 nəfər məzunundan 13-ü, Bakı Ali NeftMəktəbinin 38 nəfər məzunundan 26-sı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hər 100 nəfər məzunundan 64-65-i, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər 100 nəfər məzunundan 62-63-ü, Azərbaycan Dövlət İqtisad Universitetinin hər 100 nəfər məzunundan 62-63-ü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 77 nəfər məzunundan 46-sı, Bakı Mühəndislik Universitetinin hər 100 nəfər məzunundan 59-60-ı magistraturaya qəbul olub.
Bundan başqa, ötən il ali təhsil müəssisələrinə qəbul olanların, orta hesabla, 46.03%-ni öz məzunları, 42.54%-ni Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin, 6.14%-ni regionlarda yerləşən dövlət ali təhsil müəssisələrinin, 5.00%-ni özəl ali təhsil müəssisələrinin, 0.29%-ni isə xarici ölkələrdəki ali təhsil müəssisələrinin məzunları təşkil edir. Qəbul olanların 63.58%-i cari ilin, 36.42%-i isə əvvəlki illərin məzunlarıdır.
Özəl universitetlərin məzunları ali təhsil müəssisələrinə qəbul olanların çox az hissəsini təşkil ediblər (cəmi 349 nəfər).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət