Metyu Brayza: Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib.
M.Brayza bildirib: "Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, "Pan-Erməni Oyunları" nın açılışında iştirak edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bəyanatla çıxış edərək Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranmışdı. Hazırda Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəsə nail oldular və bu günə qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.
BMT Təhlükəsizlik Şurasının işğal altındakı Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət