Slimfit
  1. TARİX

Mətbəx əşyalarının ornamentləri nədən xəbər verir?

Mətbəx əşyalarının ornamentləri nədən xəbər verir?
Sakura

Naxçıvan Dövlət Tarix Muzeyində qorunan nümunələr əsasında

Naxçıvan bölgəsi qədim və zəngin mətbəx mədəniyyətinə malikdir. Bu zənginliklə yaxından tanış olmaq üçün müxtəlif dövrlərə aid mətbəx avadanlıqlarının mühafizə olunduğu məkana - Naxçıvan Dövlət Tarix Muzeyinə üz tutduq.

Bu dəfə bizi mətbəxlə bağlı eksponatların quruluşu və funksiyası ilə yanaşı, bədii işləmələri, ornament tərtibatı, materialı, tarixi, üzərindəki yazılar, işlənmə texnikası da maraqlandırırdı. Onlardan bir neçəsi misdən hazırlanmış məcməyi, çanaq, kasa, cam, səhəng, sərnic, dolça, gülab çəkilən qab və başqa əşyalar idi. Məlumat üçün deyək ki, dayaz və dərin qabların hazırlanma texnologiyaları bir-birindən fərqlənir. Dayaz qablar olan döyrə, nimçə, teşt, ləyən, sini, məcməyi və s. dəmirçilikdə, misgərlikdə “lavaşa” adlandırılan metal dəyirmi lövhədən düzəldilməklə “xara” adlanırdı. Səhəng, güyüm, tas, satıl (sətil), sərnic, dolça, məşqəfə, lüləyin və s. kimi dərin qabları düzəltmək üçün isə “lavaşa” bir sıra əlavə texnoloji mərhələdən keçirdi. Ona görə də bu tip qabların istehsalı “izafə” adlanırdı. İzafə məmulatı hazırlamaq üçün qabın hissələrinə müvafiq olaraq əvvəlcə “lavaşa” döyülüb çökək hala salınır, sonra “pəstaha”, yəni qaynaq edilirdi. Bir qayda olaraq, dərin qablar dib, orta, boğaz, qulp, lülək və bir neçə başqa hissədən ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı.
İstehsal texnikasının mürəkkəbliyinə görə izafə qablar xara məmulatından seçilir. Sonrakı mərhələdə həkkak qabın üzərinə müxtəlif üsullarla naxış salırdı. Bəzən müəllif öz adını, məmulatın sifarişçisinin adını, hazırlandığı tarixi yazır, yaxud da Allahın adlarından biri və ya Qurani-Kərimdən götürülmüş ayələrlə bəzəyirdi.
Belə qablardan bir neçəsi muzeyin eksponatları arasında idi. Onlardan biri misdən hazırlanmış çəkisi təxminən 650-700 q olan kasadır. Hündürlüyü 9,5 sm, ağzının diametri 17 sm, oturacağının diametri 9 sm olan bu kasanın dövrəsi boyunca bir neçə horizontal xətlər cızılmış, ağzını əhatə edən frizdə cızma üsulu ilə nəbati naxışlar salınmışdır. Görünür, sənətkar əvvəlcə kasanın üzərini qara rənglə boyamış, sildikdən sonra yalnız cızıqlara dolmuş rəng qalaraq naxışların aydın görünməsinə səbəb olmuşdur.
Qabın üzərindəki digər maraqlı detallar onun hazırlandığı tarix və yazıdır. Burada ərəb-fars rəqəmləri ilə 1301-ci il aydın oxunur. Çox güman ki, bu hicri-qəməri tarixi ilə hesablanıb və miladi təqvimi ilə 1879-cü ilə təsadüf edir. Mis kasa üzərində cızılmış kəlmələrlə də diqqətimizi cəlb edir. Bəzi abidələrdə yazılar epiqrafik ornament rolunu oynayırsa, bu qablarda onların sadəcə məlumat xarakterli əlyazma olduqları aydın görünür.
Naxçıvan Dövlət Tarix Muzeyindəki qabların yazılarını AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazov oxumuşdur. Məlum olmuşdur ki, kasanın səthində fars dilində “Male Möhsün vələde Nəcəf”, yəni “Möhsün Nəcəf oğluna məxsusdur” sözləri yazılmışdır. Böyük ehtimal ki, müəllif təbrizli sənətkarlarımızdan biri olmuşdur.
Muzeydə nümayiş olunan eksponatlar sırasında üzərində “sahibi Əlidir” sözləri yazılmış və “1295” yazılı tarixə əsaslanaraq, miladi təqvimi ilə 1873-cü ilə aid etdiyimiz sadə quruluşa malik mis cam da var.
Dayaz qablar arasında müxtəlif nəbati və zooamorf təsvirlərlə işlənmiş mis məcməyi mühüm yer tutur. “Xara” məmulatı olan məcməyi hicri-qəməri ilə 1311-ci, miladi təqvimi ilə 1889-cu ildə hazırlanmışdır. Üzərində Allahın müqəddəs adlarından biri - “Ya ğuddətil hacətin”, yəni “hacətləri həyata keçirən” yazılmışdır. Məcməyinin bəzəklərinə gəlincə, konsentrik çevrələr boyunca yerləşdirilmiş butalar, geriyə boylanan maral təsvirləri, həndəsi və nəbati elementlər bir-birini əvəz edir.
Üstü yazılı maddi mədəniyyət nümunələrindən biri hündürlüyü 25,5 sm, ağız hissəsinin diametri 16 sm olan sərnicdir. Sərnicin gövdəsində “vəsbir əla nəf e”, yəni, “səbr etməklə fayda hasil olar” sözləri yazılmışdır. Bu sərnic XIX əsrə aid edilir və maldarlıqda içərisinə süd sağmaq üçün istifadə olunurmuş.
XVIII-XIX əsrlərdə məclislərdə əl yumaq üçün məşqəfə dəsti geniş tətbiq edilirdi. Muzeydə onların müxtəlif çeşidlərinə rast gəldik. Bu dəst məşqəfə, şəbəkə üsulu ilə işlənmiş məşqəfə altlığı və tas olmaqla üç hissədən ibarətdir. Məşqəfə ayrıca “su məşqi” də adlandırılırdı. İzafə üsulu ilə hazırlanmış məşqəfənin gövdəsində saray əhlinin bağda istirahət səhnəsi dairə içərisinə yerləşdirilmişdir. Qönçələrin (medalyonların) içində və məşqəfənin yan tərəflərində epiqrafik ornamentlər görünür.
Muzeyin fondunda badəni xatırladan, lakin onun funksiyasını daşımaq üçün həddən artıq geniş və dilikli ağıza malik qab saxlanılır. Zənnimizcə, bu qənd, şəkər tozu və ya çərəz qoymaq üçün istifadə olunurdu. Qabın üzərində dekorativ gül və quş təsvirləri, dörd tərəfində isə yazılar nəzərə çarpır. F.Eylazov bu yazıları “Əli Yadullah oğlu Əhməd xana məxsusdur” kimi oxumuşdur. Qabın hazırlandığı il həm miladi, həm də hicri-qəməri tarixi ilə yazılmışdır. Deməli, 1318 (h-q) - 1900-cü (m) illərdə xan məclisində işlədilmək üçün sifarişlə düzəldilmişdir.
Uzun illər boyunca Naxçıvan məişətində mühüm yer tutan işıqlandırma vasitələri çıraq, fənər, şamdan, qəndil və s. muzeylərimizdə görmək olar. Hətta şamın icadından əvvəl istifadə edilən gil çıraq da yaxşı vəziyyətdə fondda saxlanılır. Sadə quruluşa malik olan bu işıqlandırma vasitəsi içərisinə heyvan piyi, yaxud da müxtəlif yağlar tökülərək yandırılarmış. Şamdanların nisbətən mürəkkəb quruluşda olan nümunələri muzeyin ekspozisiya zalındadır. O, misdən hazırlanmış, içərisinə xüsusi qatlanan parça bərkidilmişdir. Diametri 30, hündürlüyü 8 sm olan bu şamdanlar asılarkən hündürlüyü təqribən 74 santimetrə çatır. Bu zaman onlar artıq qəndil rolunu oynayır.
Naxçıvan Dövlət Tarix Muzeyində zəngin naxışları və epiqrafik ornamentləri ilə maraq doğuran məişət əşyaları da var. Onlardan biri hicri-qəməri tarixi ilə 1216-cı ildə (1794) hazırlanmış hamam tasıdır. Təsvir etdiyimiz tasın qapağının mərkəzindəki naxış elementi qədim azərbaycanlıların astral təfəkküründə kainatı simvolizə edirdi. Bu tipli ornamentlərə Azərbaycanın müxtəlif incəsənət nümunələrində rast gəlinir. Onları XVI əsrdə yaşamış təbrizli usta Məhəmməd Mömünün düzəltdiyi bədii qalxan üzərində, Sisyan rayonu Urud kəndindən tapılan 1576-cı ilə aid sənduqə tipli məzar daşları üzərində, yalnız Naxçıvanda rast gəlinən çörək yığmaq üçün çubuqdan hörülmüş “sələ” adlanan qab formalarında və s. görmək olar. Hətta Novruz bayramında bişirilən qoğal da bu naxışı xatırladır. Qabın səthi boyunca ornamental frizlərlə və medalyonlarla biri digərindən ayrılmış müxtəlif bəzək motivləri və kufi-süls xətti ilə yazılar üstünlük təşkil edir. F.Eylazov 2 əsrdən çox naməlum qalan bu yazıları “qab xan qızına aiddir”, “sahibi Fatma Bəyimdir” kimi tərcümə etmiş və qabın üzərindəki paklanmaqla bağlı üç misralıq şeiri də oxumuşdur.

Səyyarə Sadıxova,
“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı, sənətşünas

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR