Slimfit
  1. MARAQLI

Məşhur geyim firması H&M-in uğur hekayəsi

Məşhur geyim firması H&M-in uğur hekayəsi
Sakura

Məşhur geyim firması H&M-in uğur hekayəsi

Kütləvi bazar, yəni hər kəs üçün nəzərdə tutulan məhsulların təqdim edildiyi bazar növü xüsusilə geyim sektorunun əsas qazanc mənbəyidir. Dəbli paltarların istehsalı ilə tanınan markalarla yanaşı artıq gündəlik geyimlərin satışı ilə məşhurlaşan markalar da həm sərfəli, həm də zərif məhsullar təqdim etməyə çalışırlar. Orta gəlirli bir insan Prada və ya Chanel kimi brendlərin məhsullarını ala bilməsə də uyğun qiymətə dəbli, xoşagələn geyimlər satın almaq istəyir.

Məhz bu məqamda İsveçin H&M markası olduqca münasib qiymətə dəbli geyimlərilə istehlakçıların diqqətini cəlb edə bilir.

İsveçin hazır geyim nəhəngi H&M dəb tendensiyalarını yaxından izləyən və münasib qiymət siyasəti yürüdən bir markadır. Bütün yaş qrupları üçün geyim və aksesuar təklif edən H&M firması həmçinin ev əşyaları sahəsində də fəaliyyət göstərir.

Şirkətin təməl prinsipi isə münasib qiymətli və dəbli məhsulları beynəlxalq bazardakı müştərilərə təqdim etmək və hazır geyim sektorunda mühüm rola malik olmaqdır.

İndi isə gəlin, H&M firmasını yaxından tanıyaq və markanın uğur hekayəsini oxuyaq.

H&M markasının tarixçəsi

H&M 1947 – ci ildə Erling Persson tərəfindən İsveçin Vasteras bölgəsində təsis edilib. Şirkətin ilk adı “qadınlara uyğun” mənasını verən Hennes idi. Çünki həmin dövrdə marka ancaq qadın geyimlərinin satışı ilə məşğul olurdu.

1968 – ci ildə şirkət ov geyimlərinin satışı ilə məşğul olan Mauritz Widforss adlı markanı da tərkibinə qatdı və şirkətin adı H&M olaraq dəyişdirildi. Beləliklə də H&M həm qadın, həm kişi geyimləri satan bir şirkətə çevrildi və beynəlxalq bazara çıxış əldə etdi.

Şirkətin ilk xarici mağazaları Norveç və Danimarkada açıldı.

1973 – cü ildə firmanın reklam siması İsveçin məşhur ABBA qrupunun ifaçısı Anni-Frid Lyngstad oldu. 1980 – ci illərin əvvəlində şirkətin CEO – su Erling Persson – un oğlu Steffan Persson oldu və şirkətin Avropadakı mağazalarının sayı getdikcə artmağa başladı.

1998 – ci ildə internet mağazasını açaraq internetin ilk vaxtlarından maksimum faydalanan markalardan biri oldu.

Şirkətin daha da böyüməsi

Şirkət 2000 – ci illərə yenə böyük bir addım ataraq daxil oldu və Avropadan kənarda ilk mağazasını Nyu Yorkda açdı. Nyu York “5-ci küçə” (5th Avenue) də xidmətə başlayan H&M mağazası yenə eyni küçədə yerləşən dünyaca məşhur geyim mağazaları ilə rəqabət aparmağa başladı. Bu məşhur markaları özünə düşmən olaraq görməyib daha məntiqli ssiyasət yeridən H&M firması həmin markalarla əməkdaşlıq qurmağa nail oldu və bununla da tərəflərin hər birinin bundan fayda götürməsinə yol açdı.

2004 – cü ildə dizayner seriyasını həyata keçirən marka Chanel, Fendi kimi markaların Alman dizayneri Karl Lagerfield ilə birlikdə çalışmağa başladı. Məhdud sayda xüsusi dizayn məhsulları təqdim etməyi planlaşdıran H&M firması yenə də öz sərfəli qiymətləri ilə olduqca dəbli məhsullar satmağa nail oldu. Bu da ümumi istehlakçı kütləsinə “xüsusi dizayn edilmiş köynək, şalvar, ətək geyinmək üçün” külli miqdarda pul xərcləyəmə ehtiyac olmadığını göstərdi.

O vaxtdan başlayaraq H&M firması hələ də Donatella Versace, Roberto Cavalli, Stella McCartney, Alexander Wang, və Rei Kawakubo of Comme Des Garcons kimi dəbli geyim və aksesuar markaları ilə əməkdaşlıq etməyə davam edir.

2007 – ci ildə Asiya bazarına daxil olan şirkətin ilk mağazaları Şanxay və Honkonqda açıldı. H&M Home adı ilə ev əşyalarının da satılmasına 2009 – cu ildə başlayan şirkət yenə də interyer memarlığı və ev təsərrüfatı sektorunda da uğur əldə etdi.

Şirkət istehsal prosesində ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün 2010 – cu ildə təkrar istifadə edilə bilən və davamlı materiallarla geyim istehsalına başladı və bu tendensiyaya H&M Conscious adını verdi.

H&M firmasının uğurlu olmasındakı amillər

Şirkətin uğurlu olmasında bir neçə amil xüsusi rol oynamışdır.

Ən münasib qiymətə ən dəbli geyim

Şirkətin konsepsiyası əslində olduqca sadədir. Ən münasib qiymət və ən keyfiyyətli məhsul. Qadın, kişi və uşaqların ehtiyacı olacaq hər cür geyim ehtiyacını tək bir məkanda cəmləşdirən marka mağazaya daxil olan bir ailənin başqa heç bir mağazaya baş çəkmədən istədikləri hər şeyi ala bilməsini təmin edir.

Məntiqli və hərtərəfli reklam kampaniyaları

Şirkətin reklam kampaniyaları Stokholmdakı mərkəzində planlaşdırılır.

Fərqli dəri rənginə, mədəni və etnik mənşəyə, yaş aralığına sahib modellərə müraciət edən firma cəmiyyətin bütün təbəqələrinə xitab etməyə çalışır. Hətta reklamlarında hicab geyinmiş modelə yer verən nadir qlobal geyim markalarından biridir.

Dəbli markalarla əməkdaşlıq

Şirkət sektordakı ən böyük rəqibi olaraq dəyərləndirə biləcəyimiz Zarafirmasından fərqli olaraq istehsal prosesini bilavasitə özü həyata keçirmir. Şirkətin məhsulları dünya üzrə 900 fərqli əməkdaş firma tərəfindən istehsal edilir. Xüsusilə də Avropa və Asiyadakı bəzi strateji mərkəzlərdə həyata keçirilən istehsal sayəsində şirkət maliyyə xərclərini normal səviyyədə saxlaya bilir.

Hekayə nəql edilməsi

Firma e-mail marketinq üsuluna da əsaslı şəkildə fikir verir. Jurnal formatında göndərdiyi e-maillər sayəsində müştərilərinə “satın alma təzyiqi” göstərmir, onlara müəyyən bir hekayə nəql edir. İnsanlara mütləq almalısan demir, ancaq onlara nə üçün satın almalı olduqlarına dair müxtəlif hekayələr nəql edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR