Mərkəzi Nəbatat Bağında yeni əkilmiş həmişəyaşıl bitkilərdə dinamik inkişaf müşahidə olunur
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq işlərinin həyata keçirilməsi üçün müəssisənin baş direktoru Natiq Allahverdiyev tərəfindən komissiya yaradılıb. Başda Natiq Allahverdiyev olmaqla, sözügedən komissiyanın üzvləri, müəssisənin elmi işçi və mütəxəssisləri bağda geniş vüsət almış abadlıq-quruculuq işləri çərçivəsində yeni əkilmiş bitkilərə baxış keçiriblər.
Tədbir zamanı çıxış edən bağın aparıcı elmi işçisi, b.ü.f.d. Asif Mehralıyev bildirib ki, qış mövsümündə bitilərin inkişafında sükunət dövrü hesab olunur: “Bu dövrdə bitkilərin nisbi sükunət halına keçməsi ilə əlaqədar olaraq onların şaxtadan, qardan mühafizəsi ilə yanaşı, üzvi və mineral qida elementləri ilə gübrələnməsi, budanması və gövdəətrafı sahələrinin şumlanması tədbirləri görülür. Yaz aylarında isə havaların istiləşməsi ilə əlaqadar olaraq bitkilərin inkişafında oyanış baş verir. Həmişəyaşıl bitkilər isə qış aylarında sükunət halına keçmirlər və bu aylarda havaların isti keçməsi sözügedən bitkilərin inkişafına müsbət təsir göstərir”.
Asif Mehralıyev Mərkəzi Nəbatat Bağında yanvar ayında yaşıllaşdırma işləri çərçivəsində yeni əkilmiş həmişəyaşıl cinslərdən ardıc və sərvin göstərilən düzgün aqrotexniki qulluq nəticəsində təqribən 5-10 sm, fotinyanın 3-5 sm, kolxida bigəvərinin isə 80 sm-ə qədər boy verdiyini söyləyib.
Qeyd edək ki, hazırda bağda yaza hazırlıq prosesi çərçivəsində ağacların budanması və torpağın yumşaldılması işləri sürətlə davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət