Mərkəzi Elmi Kitabxanada iki kitabın müzakirəsi olub
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Ernest Heminqueyin “Qoca və dəniz” və Cek Londonun “Həyat eşqi” kitablarının müzakirəsi keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri Kitabxananın direktoru Sahab Əliyeva açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, kitabların və mütaliənin insan həyatındakı rolundan bəhs edərək sözügedən sərəncamda tövsiyə olunan nəşrlər sırasında dünya ədəbiyyatının iki görkəmli yazıçısının,-Ernest Heminqueyin “Qoca və dəniz” və Cek Londonun “Həyat eşqi” əsərlərinin də yer aldığını bildirib.
Daha sonra Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərlinin “Ernest Heminquey və Cek London yaradıcılığına qısa bir baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi hər iki yazıçının yaradıcılığına nəzər yetirib. Onların bir çox oxşar məqamlarını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki yazıçı üçün insan və onun həyat, yaşam uğrunda mübarizəsi ön plandadır. Bildirilib ki, həyatının bir hissəsini Amerikadan kənarda-Fransada, İtaliyada, İspaniyada, Afrikada, Kubada keçirən və bu ölkələrdə yaşaması, həmçinin gənclik dövründə Birinci Dünya müharibəsində iştirak etməsi, daha sonralar İkinci Dünya müharibəsinin şahidi olması dahi yazıçı Ernest Heminquey yaradıcılığına böyük təsir göstərib. Yazıçının ilk baxışdan sadə görünən, lakin dərin məna kəsb edən əsərləri oxucudan daha dərindən düşünməyi və bu əsərlərə xüsusi yanaşmağı tələb edir. Vurğulanıb ki, E.Heminqueyin 1954-cü ildə Nobel mükafatına layiq görülməsində “Qoca və dəniz” povestinin də həlledici rolu olub.
Həmçinin XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun “Həyat eşqi” əsərindən də bəhs olunaraq bildirilib ki, əsərdə insanla təbiət arasında baş verən qarşıdurmadan və sonda insanın böyük iradə hesabına qalib gəlməsindən bəhs edilir. Bildirilib ki, hər iki əsər böyük təəssürat yaratmaqla yanaşı oxucunu düşündürür .
Daha sonra Kitabxananın Kitabişləmə-kataloqlaşdırma və annotasiya şöbəsinin kitabxanaçısı Könül Cabbarova və Komplektləşdirmə və Biblioqrafiya şöbəsinin kitabxanaçısı Günel Əsgərova mövzu ətraflında çıxış ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət