Slimfit
  1. MEDİA

"Məndən xoşbəxtliyin şəklini çəkməyimi istəsəydilər..." - Tofiq Əhmədov

"Məndən xoşbəxtliyin şəklini çəkməyimi istəsəydilər..." - Tofiq Əhmədov
Sakura

"Məndən xoşbəxtliyin şəklini çəkməyimi istəsəydilər..." - Tofiq Əhmədov

Bu gün "Qonaq otağı"nda sumqayıtlı rəssam Tofiq Əhmədovdur.- Rəssamlığa maraq sizdə necə yarandı? Neçə yaşınızda rəssam olacağınıza qərar verdiniz?

-Mən lap uşaqlıqdan rəsm çəkməyi sevirdim. Yaxşı yadımdadır, kiçik yaşlarımda kağızlara cızma-qaralar edirdim. Beləcə,  rəsmə marağım daha da artmaqda davam etdi. Dördüncü sinifdə oxuyarkən uşaqlığımın keçdiyi Göyçay rayonunda dərnəyə getməyə başladım. Bəxtimdən də dərnəkdəki müəllimlərim həddindən artıq savadlı və tələbkar insanlar idi. Yaş artdıqca məndə  rəssamlığın dəmir üzərində döymə sahəsinə hədsiz maraq yarandı və özümü həmin istiqamətə yönəltdim. 

- İlk rəsm əsərinizi yaradarkən neçə yaşınız var idi? 

-Cızma-qaraları nəzərə almasaq, ilk, kamil işimi on bir- on iki yaşlarımda təbiət mənzərələrinə həsr etmişəm. Ümumiyyətlə, dərnəkdə təhsil alarkən tez-tez ekskursiyalara gedərdik. Ən sevdiyim gəzinti isə Göygölə etdiyimiz səyahətlər idi. Göygölün insana bəxş etdiyi rahatlıq onu fırçanı götürüb kağız üzərində yaratmağa həvəsləndirirdi. 

- Ən çox hansı janrda işləməyi sevirsiniz? Peyzaj, natürmot və ya portret?

- Bir rəssama rəsmin, rəssamlığın özü doğma olduğu üçün bütün bu sadaladığınız janrların hər birində işləmək də maraqlı və əzizdir. Ancaq mənim hər zaman daha çox sevdiyim janr portret janrı olub. Yaşlı nəsil xatırlayar,  Sumqayıtın əsas girişində dəmir üzərində döymə ilə Ulu Öndər Heydər Əliyevin portretini işləmişdim. Daha sonra Rasim Balayevin "Nəsimi" obrazı və Alim Qasımovun porteti yaratdığım işlər arasında ən tanınmışları sırasındadır. 

-  İlk rəsm sərginiz nə zaman baş tutub? 

- Sovetlər Birliyi dönəmində işlərimiz tez-tez festivallarda sərgilənirdi. Bu zamana qədər rəsmlərim bir çox sərgilərdə boy göstərib. Lakin ilk şəxsi sərgim isə hesabat xarakterli olaraq  bu ilin iyun ayında Sumqayıt Tarix Muzeyində baş tutub. Az öncə adlarını çəkdiyim rəsmlərlə birgə, bir çox digər işim də orada nümayiş olunub.  Dostlar, yoldaşlar bəyəndikləri işləri özlərinə götürmək istəyəndə "yox" cavabı vermək çətin olur. Mənim elə bir tanışım, yoldaşım ola bilməz ki, hansısa rəsm əsərim onun evini bəzəməsin. Ona görə də, həmin sərgidə bütün işlərimin nümayiş etdirildiyini demək olmaz. Adı çəkilən tədbir həmin vaxt KİV tərəfindən böyük maraqla qarşılanıb işıqlandırılmışdı. 

- Rəsmlərinizi akvarel, yağlı boya və ya adicə karandaşla - hansı ilə yaratmağa üstünlük verirsiniz? 

- Akvarel ilə işləməyi çox sevirəm. Ancaq son dövrlər yağlı boya və akrillə kətan üzərində işləməyə  daha çox üstünlük verirəm. Ümumiyyətlə, akvarel, yağlı boya və ya karandaş - hansı ilə işləməyindən asılı olmayaraq gərək yaratdığın rəsmə öz ruhunu, düşüncəni tam hopdurub əks etdirə biləsən. 

- Rəssamlıq sizin üçün hansı mənanı ehtiva edir? Bu peşə sizin üçün nə deməkdir?

- Bu peşə tamamilə mənim ruhuma canıma nüfuz edib. Mən uşaqlıq çağlarımdan bu günədək rəsmlə məşğulam. Özümü rəsmsiz, əlimdə fırçasız heç cür təsəvvür, xəyal edə bilmirəm. Rəsm mənim üçün elə bir anlamdır ki, çəkdiyim portret və şəkillərdə birbaşa olaraq daxili dünyam öz əksini tapır. Bu peşə mənim daxilimi açıb sərgiləmək vasitəsi, insanlar və problemlərdən qaçıb tənhalığa çəkilmək istədiyimdə sığınacağım liman, ruhumu rahatlatdığım təmiz, saf bir dünyadır. 

- Bu peşədən istədiyiniz qədər qazanc götürə bilirsinizmi? Ümumiyyətlə, bu peşə Azərbaycanda nə qədər qazanclı sahədir?

- Öncəliklə onu deyim ki, mən rəsmlə heç vaxt qazanc götürmək, həddindən artıq mənfəət əldə etmək məqsədilə məşğul olmamışam. Hər zaman işimin öhdəsindən peşəkarlıqla gəlməyə çalışmışam, istər o zamanki "SK Zavodu"nun tabeliyində bu sənətlə məşğul olarkən, istərsə də bu gün. Əgər sən öz sahənin peşəkarısansa, öz işini sevərək görürsənsə, pul, qonarar həmişə səni izləyəcək, istər Azərbaycanda rəssam ol, istərsə də hansısa başqa, əcnəbi bir ölkədə. Bəzən sifarişli işlər görməklə, bəzən də işləri dövlətə - (örnək üçün 2016-cı il aprel döyüşlərində üzərində şəhidlərimizin təsviri olan rəsmi) bağışlamaqla normal haqq əldə edə bilirəm. 

- Rəssamlıqda hansı rəngin ruhunu öz ruhunuza daha yaxın bilirsiniz? 

- Əslində rənglərin hamısını ruhuma yaxın sayıram. Çünki işlədikdə bütün rənglər rəsmin araya-ərsəyə gəlməyində öz rolunu oynayır. Əgər mən yay fəslini özündə əks etdirən bir iş çəkirəmsə, burada isti, qış fəslindən bəhs edən rəsm işləyirəmsə də soyuq rənglərdən istifadə edirəm. Belə olan halda bütün rənglər mənim öz ruhumu kağız üzərinə köçürməkdə vasitəçi olurlar və mənimlə sanki daha da, içdən-içə doğmalaşırlar. 

- Bir çox rəssamların sevimli hava şəraitləri olur, onlar həmin atmosferdə daha ürəklə işləyib yaratmağı sevirlər. Bəs sizin sevimli hava şəraitiniz hansıdır?

- Gənclik illərimdə, Sovetlər dönəmində hər şənbə günü gənclər istirahətə aparılardı, mən də tez-tez Qubaya üz tutmağı sevərdim. Yayda Quba tamamilə möcüzəvi görkəm alır. Qayalıqların üzərində oturub dağ mənzərələrini kağıza köçürməkdən xoşbxət olar, zövq alardım. Yaşa dolub sənətim püxtələşdikcə isə daha çox, qış, payız fəsillərinin xarakterik havasında əlimdə fırça kağız üzərində işləməyi sevirəm. 

-  Azərbaycanlı rəssamlardan və dünya mədəni irsindən işlərini bəyəndiyiniz hansı "fırça usta"ları var?

- Bizim öz rəssamlarımızdan Səttar Bəhlulzadənin işlərini, Mikayıl Abdullayevin ustalıqla seçdiyi rəng çalarlarını bəyənirəm. Dünyadan isə özümə kumir saydığım Leonardo da Vinçi, Van Qoq, Pablo Pikassonun adını qeyd edə bilərəm. 

- Maraqlıdır, sizə xoşbəxtliyin şəklini çəkmək tapşırılsaydı, onu necə təsvir edərdiniz?

- Bu, hər rəssama görə, müxtəlif ola bilər. Mən isə, nəvələrimin şəklini həmişə ayrı bir zövq, sevgi ilə çəkmişəm. Məndən xoşbəxtliyin şəklini çəkməyimi istəsəydilər, mən onların şəklini çəkərdim. Mənim üçün xoşbəxtlik  elə mənim nəvələrimdir. 

- Hər bir şəxs çox işləməklə, üzərində çalışmaqla yaxşı rəssam ola bilərmi?

- Bu danılmaz faktdır ki, bütün sahələrdə, xüsusilə də, yaradıcılıq tələb edilən sənətlərdə istedad hər zaman əsas və mütləqdir. Ancaq öz üzərində daimi çalışmaqla, işləməklə yaxşı rəssam olmaq mümkündür. 

- Azərbaycan rəssamlığının problemlərindən nələri sadalaya bilərsiniz?

- Mən dünyanın bir çox ölkələrində - SSRİ-nin bütün Respublikaları və bir çox nüfuz dairələrində olmuşam. Bu yaxınlarda isə Hindistandan səfərdən qayıtmışam. Dünyanın bütün ölkələrində küçə rəssamları var. Təəssüf olsun ki, bizim ölkəmizdə isə küçə rəssamlarına aşağılayıcı nəzərlə baxanlar var. Bunu anlamaq lazımdır ki, onlar küçədə hansısa qanunsuz fəaliyyətlə yox, azad incəsənətlə məşğuldurlar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR