Məmmədyarovun Bakıda görüşləri davam edir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, Maldiv Respublikasının Xarici İşlər naziri Abdulla Şahid ilə görüşdə Azərbaycan və Maldiv Respublikası arasında siyasi, iqtisadi, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Abdulla Şahid Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Elmar Məmmədyarov qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.
Nazir Abdulla Şahid iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov, öz növbəsində, turizmi təşviq etmək məqsədilə iki ölkə arasında viza rejiminin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsini təklif etdi.
Tərəflər, həmçinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq arenada əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Zambiyanın Xarici İşlər naziri Cozef Malanjı ilə görüşdə iki ölkə arasında həm siyasi, həm də mədəni və humanitar sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu xüsusda, turizm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün ölkələr arasında müqavilə-hüquq bazasının artırılması, o cümlədən vizasız gediş-gəliş sisteminin tətbiq edilməsinin vacibliyi qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycan ilə Zambiya arasında ikitərəfli əsaslarla yanaşı, beynəlxalq platformalar, bu xüsusda BMT və Qoşulmama Hərəkatı çərçivəsində də mövcud perspektivlərdən faydalanmağın vacibliyini vurğulayıb.
Cozef Malanjı ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, Zambiya Prezidenti tərəfindən Azərbaycan Prezidentinə ünvanlanmış məktubu təqdim edib.
Efiopiya Xarici İşlər nazirinin müavini Markos Tekle ilə görüşdə isə iki ölkə arasında əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edildi. İqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri qeyd olunub.
Efiopiya rəsmisi Azərbaycanı Qoşulmama Hərəkatında sədrliyə başlaması və XVIII Zirvə Görüşünün uğurlu təşkili münasibətilə təbrik edib. O, Azərbaycanın sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidini ifadə edib.
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirib. Həmçinin Efiopiyaya səfərini xatırlayan Elmar Məmmədyarov səfərin çox məhsuldar keçdiyini qeyd etdi. O, efiopiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət