Məktəblər sentyabrda da açılmaya bilər? - Baş infeksionist də, ekspert də ümidli danışmır
Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası səbəbilə tədris prosesi dayandırılıb.
Təhsil naziri Ceyhun Bayramov tədris prosesinin iyunun 1-də də bərpa olunmayacağını, dövlət bağçalarının yay mövsümündə işləməyəcəyini bildirib.
Şagirdlər sinifdən-sinfə 1-ci yarımilin qiymətləri nəzərə alınaraq keçiriləcək, yəni qiymətləndirmə də aparilmayacaq.
Anlaşılan odur ki, tədris prosesinin bərpası növbəti tədris ilinə qalacaq.
Maraqlıdır, əgər koronavirusla bağlı vəziyyətdə yaxşılığa doğru ciddi dəyişiklik olmasa, yaxud gözlənildiyi kimi ikinci dalğa başlayarsa, tədris prosesinin sentyabrn 15-də də başlamamaq ehtimalı varmi?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə virusun epidemioloji xüsususiyyətlərinin bəlli olmadığı üçün vəziyyətin nə vaxtadək davam edəcəyini heç kəsin bilmədiyini söyləyib:
"Heç kim dəqiq deyə bilməz ki, koronavirus nə qədər davam edəcək. Onu zaman göstərəcək. Bu, yeni virusdur, haqqında konkret nəsə demək olmaz. Virusun epidemioloji xüsusiyyətləri də hələlik bəlli deyil".
Ens.az xəbər verir ki, bu barədə Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov isə bildirib ki, əgər koronavirusla bağlı vəziyyət gərginləşərsə, o zaman növbəti tədris ili başlamaya bilər:
"Bu, bir dünya müharibəsidir. Nə vaxt bitəcəyi bilinmir. Dünya təcrübəsinə baxaq. Birinci Dünya Müharibəsi 1914-cü ildə başladı, 1918-ci ildə bitdi. İkinci Dünya Müharibəsi 1941-ci ildə başladı, 1945-ci ildə bitdi. Yəni heç kim bu müharibənin nə zaman bitəcəyini proqnozlaşdıra bilməz. Sadəcə, ehtimallar var. Yoluxmaların və həyatını itirənlərin sayı çox olarsa, təbii ki, növbəti tədris ilində də dərslərin başlanmasında müəyyən fasilələr ola bilər. Amma bu, indiki kimi olmayacaq. Sadəcə aidiyyatı orqanlar böhran vəziyyətində idarəetmə ilə bağlı “yol xəritəsi” çıxartmalıdır. Bəli, bu gün televiziya vasitəsilə virtual dərslər keçirilir, amma əhatəlik yoxdur. Bu gün 1,6 milyon şagird təhsil alırsa, onların yalnız 800 minə qədəri elektron resurslara qoşulub. Virtual dərslərdə isə bütün dərslər tədris olunmur. Elektron resurslar ancaq bilik verir, onları psixoloji hazırlamır. Vəziyyət yaxşı olmazsa, ola bilsin ki, növbəti ildə də dərslər başlamasın. Yəni pandemiya davam edərsə, orta məktəblərin növbəti ildə açılması sual altında olacaq. Belə olduqda bizim A, B, C planımız olmalıdır. Buna uyğun hərəkət etməliyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət