Bəzi məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində nöqsanlar aşkar edilib
Bəzi məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində nöqsanlar aşkar edilib.
Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təsdiq etdiyi monitorinq planına əsasən, Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində ictimai iaşə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş bufetlərin cari vəziyyəti, müvafiq sahələrin mövcudluğu, zəruri avadanlıq və inventarlarla təminat və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Aparılmış monitorinqlər zamanı bir sıra məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində bəzi çatışmazlıqlar aşkar edilib. Onların aradan qaldırılması və mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülüb.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, məktəb bufetləri direktorlar tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib:
“Dörd il bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “məktəb bufetləri standartı” hazırlandı. Bizim təklifimiz nəzərə alınaraq, məktəb bufetlərində qazlı içkilərin, kolbasa, enerji içkiləri və bəzi ət məhsullarının ət satışına qadağa qoyuldu. Amma hələ də problemlər var.
Bizim birliyin məktəb bufetlərində apardığı monitorinqlərin nəticəsinə görə, məktəb bufetlərinin 60 faizi heç də standartlara cavab vermir. Məktəb bufetləri direktorlar tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilib və şərikli biznes kimi fəaliyyət göstərir.
Hazırda uşaq bağçaları, məktəblər nəzarətdən kənarda qalıb. Uşaq bağçalarına gətirilən ətlərin mənşəyi bilinmir. Onlar biznes işinə xidmət edən obyekt kimi fəaliyyət göstərir. Biz həmişə təklif vermişik ki, bufetlərə nəzarət güclü olmalıdır. Bizim birliyə nöqsanlarla bağlı şikayətlər daxil olur”.
Eyyub Hüseynov marketlərdə satılan məhsulların bufetdə daha baha satılması barədə də danışıb:
“Qiymət və keyfiyyət məsələsini məktəbdə yaradılan valideyn komitələri həll etsinlər. Onların fəaliyyətini artırmaq lazımdır. Ümumiyyətlə, ictimai nəzarət olmayan yerdə həmişə problem olur. O cümlədən, uşaq bağçalarında və məktəblərdə də bu cür hallar var”.
Qeyd edək ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar aşağıdakılardır:
1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu.
2. Bir gün əvvəl hazırlanmış qida.
3. Xarab olma əlamətləri olan meyvə-tərəvəz məhsulları.
4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).
6. İçalatı təmizlənməmiş quş.
7. Vəhşi heyvanların əti.
8. Suda üzən quşların yumurtası və əti.
9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.
10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
11. Termiki emala məruz qalmayan yaxıl noxud.
12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
14. Kremli şirniyyat məmulatları (piroq və tortlar).
15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
16. Ev şəraitində hazırlanmış qatıq.
17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd.
20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
21. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
24. Təbii kofe, alkoqollu, enerji içkiləri.
25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
26. Qazlaşdırılmış içkilər.
27. Bitki yağları əsasında süd məhsulları və dondurma.
28. Saqqız, çipslər.
29. Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları.
30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
31. Yumurtalı makaronlar, qayğanaq.
32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət