Meksika mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
Xocalı faciəsi ilə əlaqədar Meksika Dövlət Xəbərlər Agentliyi - "Notimeks” tərəfindən "Azərbaycanlılar 1992-ci il Xocalı qətliamını anır” sərlövhəli məqalə yayımlanıb.
Məqalədə dünya azərbaycanlılarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının qurbanlarını – aralarında 106 qadın, 83 uşaq və 70 qocanın olduğu 613 nəfərin xatirəsini andığı qeyd olunub. Bu qətliamın "Human Rights Watch” tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı və Ermənistan silahlı qüvvələrinin müharibə zamanı törətdikləri etnik təmizləmə siyasətini nümayiş etdirdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı tarixi torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib.
Yazıda bu faciədən 27 il keçməsinə baxmayaraq, Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurası işğalçının Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal tərk etməsinə dair məlum dörd qətnaməsinə baxmayaraq, münaqişə indiyədək həll edilməyib. Bu münaqişə regiondakı təhlükəsizliyə ciddi təhdid olaraq qalır.
Məqalədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda ümumxalq yürüşünün keçirildiyi bildirilib. Eləcə də faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya Ədalət!” beynəlxalq kampaniyasının həyata keçirildiyi qeyd olunub.
Məqalə "Notimeks” Meksika Dövlət Xəbərlər Agentliyinin həm ispan, həm də ingilis dillərindəki xidmətləri tərəfindən dərc edilib. Sonradan ölkənin bir sıra digər kütləvi informasiya vasitələri də həmin məqaləni yayımlayıb.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət