Slimfit
  1. ƏDƏBİYYAT

Məkanımdır, cənnətimdir Masallı

Məkanımdır, cənnətimdir Masallı
Sakura

Xəzinədir, bərəkətli torpağın,

Möcüzədir göydə bulud tacları,

Piranidir bizim Talış dağları,

Xoş növraqlı, güllü bahar çağları,

Məkanımdır, cənnətimdir Masalli.

 

Gün əridər dağların qar papağın,

Canlandırar düzü, meşə zolağın,

Xəzinədir, bərəkətli torpağın,

Məkanımdır, cənnətimdir Masalli.

 

Dağlarındır əlçatmayan, sıldırım,

Başı üstə at oynadar ildırım,

Qılınc çəkib, hayqırar Bayandurum

Məkanımdır, cənnətimdir Masallı.

 

Nümunədir elin ədəb-ərkanı,

Dillərdədir ərənlərin ad-sanı,

Uzun ömür sürənlərin məkanı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Tay tutmaram "İsti su" yu heç yerə,

Əsrarəngiz gözəlliyi var belə,

Gəl qoynuna, zirvəsindən seyr elə,

Məkanımdır, cənnətimdir Masallı.

 

Qüdrətimdir, əvəzsizdir pərgəri,

"Meracdan"dır, "İsti su"yun zərgəri,

Dan sökülü eyləyəsən var-gəli,

Məkanımdır, cənnətimdir Masallı.

 

Müqəddəsdir "İsti-su"yun qucağı,

Sinəsində ümid, şəfa ocağı,

Müşk ətirli havalıdır, hər çağı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Göy qurşağı bu dağların duvağı,

Hey qaynayır, coşur "Mətləb bulağı",

Şirələnir "Yemlik", "Quzu qulağı",

Məkanımdır, cənnətimdir Masallı.

 

Əzəmətli dağlar onun sirdaşı,

Sınaqlardan keçmiş, bilinmir yaşı,

"Tava daşı", "İsti-Su” yun yurddaşı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Yayılıbdır hikmətinin sorağı,

Zümzüməli, sərin "İsi bulağı”,

İçənlərin donur dili -dodağı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Qıyya çəkir qartalları vurhavur,

Dağdan axir Viləş çayı gurhagur,

Gəl dayanaq sahilində bir hovur,

Məkanımdır, cənnətimdir Masallı.

 

Buludludu yerin –göyün tabağı,

Şırhaşırla axır “Kişi bulağı”,

Turaclarla dolu olur qabağı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Yollarının sonu gedir de, hara,

Hünər gərək dırmanasan “Mişara”,

Görənlərin görəcəklər dübara,

Məkanımdır, cənnətimdir Masallı.

 

Cərgələnən buludlarıdır düm ağ,

Əsrlərlə alovlanır "Yanar dağ”,

Ətrafında göz oxşayan yaşıl bağ,

Məkanımdır, cənnətimdir Masallı.

 

Yeddi rəngi nənəm çəkər belinə,

Qış gələndə qırov düşər telinə,

Gəl sinə gər, daş oynadan yelinə,

Məkanımdır, cənnətimdir Masallı.

 

Baldırğanı, çaytikanı doldura,

Fatma nənəm təndirini yandıra,

Külfəsinə yumru daşın saldıra,

Məkanımdır, cənnətimdir Masallı.

 

Seçimlədik tüstülü təndir başın,

Dürmələdik yağlı fətir, lavaşın,

Fatma nənəm dəmə qoyubdur aşın,

Məkanımdır, cənnətimdir Masallı.

 

 Bir laləzar guşəsidir "Nil bağı",

“İsti su"-yun şərqisi var sübh çağı,

Məhvərindən bax, oynadır daş dağı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Cığırının üzüdür Gün itənə,

Qoynun açıb hər kəsə, hər yetənə,

Təkcə bu yol gedir "Donuz ütənə"

Məkanımdır, cənnətimdir Masallı.

 

Bəzəklidir düzü gəlin sayağı,

Nişangahdır daşda “Əli ayağı"

Haqq -ədalət olmuş onun bayrağı,

Məkanımdır, cənnətimdir Masallı.

 

Pərvazlanır bir-birini öpərək,

Çiçək üstə gəzir xallı kəpənək,

Yaz gəlibdir, biz "Sarəng"ə tərpənək,

Məkanımdır, cənnətimdir Masallı.

 

Torpağımda höküm sürür haqq-divan,

Qurdla quzu otlağında yanbayan,

Tütək çalır Dəmbəlovdan Xan çoban,

Məkanımdır, cənnətimdir Masallı.

 

Təntiyirəm o dağları aşanda,

Gileyliyəm, cığırların çaşanda,

Qəmlənirəm səbrü-kasam daşanda,

Məkanımdır, cənnətimdir Masallı.

 

Mən Rənayam, söz vermişəm qələmə,

Can verərəm qədir-qiymət bilənə,

Süfrəm açıq, yurdu sevib gələnə,

Məkanımdır, cənnətimdir Masallı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR