MEK ilə ŞAR arasında müqavilə imzalanıb
MEK ilə ŞAR arasında müqavilə imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında əməkdaşlıq müqaviləsi imzalamaq üçün dəyirmi masa keçirilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev rəhbərlik etdiyi kitabxananın apardığı uğurlu beynəlxalq və yerli əməkdaşlıqdan danışıb. Baş direktor AMEA-nın müəssisələri, elmi-tədqiqat institutları ilə birgə çalışmağın, əməkdaşlığın nə dərəcədə səmərəli olduğunu qeyd edib. Həyata keçirilən sıx əməkdaşlığın nəticəsi kimi yaxın zamanlarda AMEA-da çalışan gənc mütəxəssislərin MEK-də keçirilən “Vikipediya” təlimlərinə cəlb olunacaqları da diqqətə çatdırılıb.
ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxışı zamanı MEK-in dəstəyini yüksək qiymətləndirərək, iki müəssisə arasında imzalanan müqavilənin gənc mütəxəssislərin, alimlərin elmi işlərində, təcrübə paylaşımında əvəzsiz rol oynayacağını qeyd edib. Alim vurğulayıb ki, yaradılmış verilənlər bazası vasitəsilə fundamental elm sahələrindəki yenilikləri izləmək mütəxəssislərin işini daha da asanlaşdıracaq.
Daha sonra iki müəssisə arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov imzalayıblar.
ŞAR-ın kitabxanasında elektron kataloq yaratmaq məqsədi ilə imzalanan sazişə əsasən, kitabxanada tətbiq edilən İRBİS 64+AKİS-in (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) işinə mütəmadi olaraq Mərkəzi Elmi Kitabxana tərəfindən Avtomatlaşdırma və proqram təminatı şöbəsinin mütəxəssisləri texnoloji dəstək verəcək. Həmçinin müqavilədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi kitabxanasının verilənlər bazalarının Mərkəzi Elmi Kitabxananın saytında oxucuların onlayn istifadəsinə təqdim edilməsi də qeyd olunub.
Bununla yanaşı, müqavilədə iki qurumun birlikdə elmi konfrans və seminarlar, təlim və təcrübələr keçirməsi, eyni zamanda yeni layihələrə imza ataraq birgə tədqiqatların aparılması da nəzərdə tutulur.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət