Məhkəmələrdə inzibati xətalara dair işlərə baxılma halları çoxalıb
2019-cu ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 63,4 min işə baxılıb ki, bu da 2018-ci ilin göstəricisindən 2,1 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onların 47,4 faizi idarəçilik qaydaları, 4,8 faizi yol hərəkəti qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,1 faizi sağlamlıq, 3,7 faizi mülkiyyət, 1,2 faizi iqtisadi fəaliyyət qaydaları, 1,1 faizi gömrük qaydaları əleyhinə olan, 3,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.
2019-cu ildə baxılmış işlərin 64,8 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 24,7 faizinin icraatına xitam verilib, 9,2 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 1,3 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 5,0 faiz artaraq 41,1 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 53,2 faizinə inzibati cərimə, 23,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 19,7 faizinə inzibati həbs, 1,9 faizinə ictimai işlər, 1,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət