Dərc edildi: Baxış sayı: 928
Məhəmməd Füzuli - Qıl, səba, könlüm pərişan olduğun cananə ərz
Qıl, səba, könlüm pərişan olduğun cananə ərz,
Surəti-halın bu viran mülkün et sultanə ərz.
Dərhəm olmuş sünbülün guya ki, qılmışdır ona
Mu bə-mu hali-dilim, dillər uzadıb şanə ərz.
Təndə canım bir pərinindir əmanət, saxlaram
Ol zamandan kim, əmanət qıldılar insanə ərz.
Xəlq küfr əhlinə iman ərz edər, mən dəmbədəm
Küfri-zülfün eylərəm köksündəki imanə ərz.
Surəti-bican ilə cənnət dolar bütxanə tək,
Qılsalar cənnətdə təsvirin çəkib ğilmanə ərz.
Münimin, ərzi-təcəmmüldür işi, fəqr əhlinə,
Nola gər dil qılsa hərdəm dərdi-eşqin canə ərz.
Ey Füzuli, böylə pünhan tutma əşki-alini,
Eylə hər rəngilə kim, var ol güli-xəndanə ərz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət