Dərc edildi: Baxış sayı: 1776
Məhəmməd Füzuli - Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Yetirdi başini gərdun ayağə bari-möhnətdən,
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?
Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?
Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?
Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et,
Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi?
Hidayət mənzilinə yetdilər səyilə əqranın,
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?
Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,
Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət