Dərc edildi: Baxış sayı: 871
Məhəmməd Füzuli - Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu,
Tutiyi-can, ləli, şəkkərbarın eylər arizu.
Naməvü qasid pəyamilə xoş olmaz xatirim,
Öz ləbindən ləhceyi-göftarın eylər arizu.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan,
Arizinlə qəddi-xoşrəftarın eylər arizu.
Arizu eylər ki, mən tək müttəsil bimar ola,
Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.
Hicr bimari tənim, badi-səbadən dəmbədəm,
Sihhət üçün, sihhəti-əxbarın eylər arizu.
Zülməti-hicrində baxmaz şəmə çeşmim mərdümü,
Pərtövi-rüxsari-pürənvarın eylər arizu.
Arizuməndi-visalındır Füzuli xəstədil,
Vəslin istər, dövləti-didarın eylər arizu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət