Dərc edildi: Baxış sayı: 1362
Məhəmməd Füzuli - Bağə girdim, səri-kuyin anıb əfğan etdim
Bağə girdim, səri-kuyin anıb əfğan etdim,
Gül görüb, yadın ilə çaki-giriban etdim.
Baxuban nərgisə, əyyar gözün qıldım yad,
Nərgisi naləvü əfğanıma heyran etdim.
Qönçəvü lalə demə, dağ qarasın qoparıb,
Alü alayə sarıb səbzədə pünhan etdim.
Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,
Gözümü şövqi-cəmalında dürəfşan etdim.
Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,
Neçə yaprağə ciyər qanı silib, qan etdim.
Görücək sünbülü, andım şikəni-kakilini,
Sünbülü giryəvü ahilə pərişan etdim.
Ey Füzuli, rəvişi-əql məlul etdi məni,
Səhv qıldım ki, cünun dərdinə dərman etdim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət