Slimfit
  1. ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadə - Nizaminin yaradıcılığı

Məhəmməd Əmin Rəsulzadə - Nizaminin yaradıcılığı
Sakura

Məhəmməd Əmin Rəsulzadə -Nizaminin yaradıcılığı

Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir. 
N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi, bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir. Insanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.
Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaq surətiylə təmin edilə bilər”.
Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə bu “söz” İskəndərin möcüzəsində tapılmışdır.
Bu möcüzə bugünkü bəşəriyyətlə birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır. Millətlərə yalnız mənəvi avtoritet ilə nüfuz etmək, ruhlarını anlayaraq, varlıqlarına qarşı ehtiram etmək!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR