Dərc edildi: Baxış sayı: 506
Məhəmməd bəy Aşiq - Olmuş
Еy bivəfa, qədir bilməz dilbərim,
Şikayətim səndən bir kitab olmuş.
Yaza bilməz onu xamеyi-qüdrət
Çünki həddən kеçmiş bihеsab olmuş.
Saraldım həsrəti-ali-ruyindən,
Tapmadım bir rəmz hali-ruyindən.
Dərdimə ol şirin göftguyindən,
Nə bir sual olmuş, nə cavab olmuş.
Müjgan oxun canda o sipər kimi,
Dərin əzizimdir simü zər kimi,
Dil dəfinə daim əfilər kimi,
Türrеyi-tərrarın piçü tab olmuş.
Qızıl gül həsrətdir o al ruyuna,
Sərvi-səhi qat olubdur buyuna,
Hər gündə üz düşər xaki-güyuna,
Kəmtərin qulamın afitab olmuş.
Əsiri-zülfə olmuş divanə könlüm,
Olubdur Aşiqdən biganə könlüm,
Dağılmış dünyada viranə könlüm,
Bir gün şad olmadı ol xarab olmuş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət