Slimfit
  1. AZƏRBAYCANLI

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...
Sakura

Medvedyevi “danışdıran” ilk azərbaycanlı: Qarabağ...

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya hökuməti istefaya gedib. Vaxtilə keçmiş Baş nazir Dmitri Medvedyevdən eksklüziv müsahibə alan Azərbaycanın əməkdar jurnalisti Faiq Hüsiyev onunla bağlı xatirələrini, fikirlərini bölüşüb.

Axar.az Faiq Hüsiyevin müsahibəsini təqdim edir:

- Dmitri Medvedyevlə görüşünüzü necə xatırlayırsınız?

- Mən onunla görüşəndə Dmitri Anatolyeviç Rusiyanın Prezidenti idi. 2011-ci ilin dekabr ayında ondan müsahibə almışdım. SSRİ dağıldıqdan sonra ilk dəfə idi ki, Rusiya prezidenti Cənubi Qafqazı təmsil edən jurnalistə eksklüziv müsahibə verirdi.

Mən onun dərin savada və yüksək intellektə malik olduğunu eşitmişdim. Müsahibə vaxtı buna bir daha əmin oldum. Onu da qeyd edim ki, D.Medvedyev həm də çox səmimi bir insan təəssüratı bağışladı və xatirimdə belə qaldı.

- Onunla cəmi bir dəfə görüşmüsünüz?

- Onunla başqa bir görüşüm də olub. Dövlət televiziyasının sədr müavini kimi MDB KİV rəhbərlərinin 2013-cü ildə keçirilən görüşündə iştirak edirdim. Həmin görüş Medvedyevin iştirakı ilə keçirilirdi. Amma artıq Baş nazir idi. O görüş də çox maraqlı və əhatəli alınmışdı.

- D.Medvedyevin fəaliyyətini necə qiymətləndirmək olar?

- Təbii ki, Rusiyanın ali dövlət vəzifəsini tutmuş siyasi xadimin fəaliyyətini bir-iki cümlə ilə qiymətləndirmək olmaz. Şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında onun çox müsbət xidmətləri var. İstər prezident, istərsə də baş nazir olduğu dönəmlərdə dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edən uğurlu addımlar atması Dmitri Anatolyeviçin sanballı siyasətçi olduğunu sübut edir. Dəfələrlə Azərbaycana səfər etmişdi.

Fikrimcə, Prezident İlham Əliyevlə Medvedyevin dostluq münasibətlərində olmasını da unutmaq olmaz. Prezidentlər dost olmasa, ölkələr dost ola bilməz! Məhz Medvedyevin səyləri nəticəsində 2008-ci ilin noyabrında Mayndorf Bəyannaməsinin imzalanmasını Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət hal kimi dəyərləndirmək olar. Hərçənd, siyasi danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından dalana dirəndi. Rusiyanın bu ölkəyə təzyiq mexanizmləri də tam şəkildə işə düşmədi. Ümumilikdə götürəndə - iqtisadi və humanitar sahələrdə, eləcə də hərbi-texniki əməkdaşlıqda Rusiya ilə əlaqələrimizin yüksək səviyyəyə qalxmasında Dmitri Medvedyevin rolu danılmazdır!

- Sizcə, Medvedyevin istefasının səbəbləri nədir? Bu istefa Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilərmi?

- Bu günlərdə hər kəs məlumatları açıq informasiya mənbələrindən alır, amma istefanın əsas səbəbi yazılmır. Aydındır ki, bütün dünyada gedən siyasi və iqtisadi proseslər islahatların çevik aparılmasını tələb edir. “İnkişaf” sözünün bir sinonimi də - dəyişiklikdir. Komandadaxili “rakirovka” indi hər yerdə qəbul olunmuş idarəçilik fəndidir! Dmitri Medvedyev baş nazir postundan getsə də, siyasi isteblişmentin aparıcı fiqurlarından biri kimi qalacaq. Unutmayaq ki, o, “Yedinaya Rossiya” hakim partiyasının sədridir. Dmitri Anatolyeviçin Rusiya Təhlükəsizlik Şurasında Prezident Vladimir Putinin müavini olacağı haqda xəbərlər də yayılmaqdadır. Odur ki, fikrimcə, Medvedyev üçün bu istefa siyasi karyeranın sonu deyil, yeni təzahürüdür! Özü də Rusiya Konstitusiyasına təklif edilən dəyişikliklər fonunda bu, heç də zəif sonluq deyil...

Ölkələrimiz arasında münasibətlərə gəldikdə isə deyə bilərəm ki, Rusiya–Azərbaycan əlaqələri bu gün möhkəm siyasi-iqtisadi, həmçinin humanitar bazaya əsaslanır. İlk növbədə Prezidentlərimizin iradəsinə əsaslanan və xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya 2019-cu il 21-25 noyabr tarixli rəsmi səfəri də bu istiqamətdəki əlaqələrimizə əsaslı dinamizm vermiş oldu. Bu baxımdan, Rusiya ilə münasibətlərimizə heç bir təhlükə görmürəm.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR