Slimfit
  1. SİYASƏT

Məcburi nişanlama gəlir - Saxta məhsulları bazara çıxarmaq mümkün olmayacaq

Məcburi nişanlama gəlir - Saxta məhsulları bazara çıxarmaq mümkün olmayacaq
Sakura

Spirtli və energetik içkilər, dərman preparatları, su və digər məhsulların məcburi nişanlanması həyata…

"Bu ilin sonunadək Azərbaycanda məcburi nişanlanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır. Siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib. İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir, vaxt keçdikcə siyahı genişləndiriləcək". Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Məcburi nişanlama ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a bildirib ki, məcburi nişanlanmanın həyata keçirilməsinin məqsədlərindən biri prosesdə şəffaflığın olmasıdır: "Əsas məqsəd odur ki, qaçaqmalçılıq yolu ilə, uçotdan kənar yol ilə heç bir məhsul ölkəyə daxil olmasın, ölkədə istehsal edilməsin. Müxtəlif bölgələrdə, Bakı ətrafında o qədər məhsullar var ki, əksəriyyəti uçotdan kənardır. Məcburi nişanlanma məhsulların müxtəlif yollar ilə uçotdan kənar şəkildə bazara daxil olması və dövriyyəyə buraxılmasının qarşısını almaq üçün aparılan tədbirlərdən biridir. Bu, malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həyata keçirilir".

O, bildirib ki, məcburi nişanlanma ilə malların hərəkətini izləmək mümkündür: "Bu tədbir istehlakçılara imkan verəcək ki, hərəkəti təsbit olunmamış məhsulları almasınlar. Məcburi nişanlanma ilə saxta məhsulların bazara çıxarılmasının qarşısı alınacaq və beləliklə, insanlar onlardan istifadə etməyəcək".

"Beynəlxalq təcrübədə ölkəyə daxil olan məhsulların hərəkəti şəffaf şəkildə sistemdə izlənilir. Müxtəlif izlənmə üsullarından istifadə edilir. Ona görə də, məsələn, Avropanın inkişaf etmiş ölkələrində uçotdan kənar məhsullar çox azdır" – deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Cəfər İbrahimli də Sputnik Azərbaycan-a deyib ki, bazarda mütəmadi şəkildə saxta məhsullar olur: "Yeni kodlama sistemi ilə saxta məhsulların bazara daxil olmasının qarşısını almaq istəyirlər. Bu tədbir ilə vergidən yayınmanın, təhlükəli qida məhsullarının bazarda satılmasının, əmtəə nişanlarından qeyri-qanuni istifadə olunmasının qarşısının alınmasına çalışılır".

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, məcburi nişanlama müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.

Məcburi nişanlama tələblərinin pozulması ilə bağlı cərimələr də nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR