Matviyenko: Rusiyanın Azərbaycanda investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir
Rusiyanın Azərbaycana investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir.
Trend-in məlumatına görə, Trend-ə verilən məlumata görə, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası forumunda deyib.
Federasiya Şurasının sədrinin sözlərinə görə, Azərbaycan bazarında iki ölkənin təxminən 700 birgə şirkəti fəaliyyət göstərir:
"Son illər Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsi üçün böyük iş görülüb. Biz artıq bu işin praktik nəticələrini müşahidə edirik. Ötən il qarşılıqlı ticarət dövriyyəsi 14 faiz artaraq təxminən 2,5 milyard dollar təşkil edib. Rusiya qeyri-xammal sahəsi məhsullarının idxal və ixracı üzrə Azərbaycanın əsas ticarət tərəfdaşıdır".
V.Matviyenko həmçinin nəqliyyat sahəsində, xüsusən "Şimal-Cənub" dəhlizi çərçivəsində intensiv əlaqələri qeyd edib. O əminliyini ifadə edib ki, bu dəhliz Avrasiyanın mühüm nəqliyyat arteriyası olacaq, Rusiya və Azərbaycandan keçməklə Cənubi Asiyadan Avropaya yük daşımalarının sürətləndirilməsinə töhfəsini verəcək.
O, bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün regionlararası əməkdaşlıq mexanizmlərini maksimum gücləndirmək vacibdir.
Qeyd edək ki, Moskvada iki gün davam edəcək 10-cu Azərbaycan-Rusiya Regionlararası forumunda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edir.
Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət