Magistraturaya qəbulun bir mərhələli olması ilə bağlı qərar artıq yekun razılaşdırma mərhələsindədir
"Bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub".
APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, bunun nəticəsi olaraq bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da xeyli müsbət dəyişiklik baş verib: "Eyni zamanda magistratura səviyyəsində əhatəliliyi daha da artırmaq istiqamətində son bir il ərzində Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər həmkar qurumlarla müzakirə və məsləhətləşmələr aparıb. Bu müzakirələr demək olar ki, yekunlaşıb. Nazirlər Kabinetinə təqdim olunacaq qərar artıq yekun razılaşdırma mərhələsindədir. Nazirlər Kabineti həmin qərarı qəbul etdikdən sonra magistraturaya qəbul qaydalarında dəyişikliklərin şahidi olacağıq. Burada bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olmaq imkanları təmin ediləcək. Düşünürəm ki, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət