Slimfit
  1. BİOQRAFİYA

Lüdviq van Bethoven

Lüdviq van Bethoven
Sakura

Lüdviq van Bethoven – dahi alman bəstəkarı

Lüdviq van Bethoven (alm. Ludwig van Beethoven‎; 17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.

Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.

Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

Uşaqlığı

 
Lüdviq van Bethovenin anadan olduğu ev, Bonn şəhəri

Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə, atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.

Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir. 1787-ci ildə gənc Bethoven ilk dəfə olaraq dahi Volfqanq Amadey Motsartdan dərs almaq ümidi ilə Vyanaya yollanır. Lakin Bethovenin Motsartla görüşüb-görüşməməsi dəqiq məlum deyildir. Vyanaya gəlişindən cəmi iki həftə sonra anasının xəstələnməsi onu vətənə dönməyə məcbur edir, Bethovenin anası 1787-ci ilin 17 iyulunda vərəm xəstəliyindən vəfat edir. Belə ki, atasının getdikcə içkiyə aludəçiliyi səbəbindən o iki körpə qardaşının qayğılarını öz üzərinə götürür.

1792-ci ildə Bethoven yenidən Vyanaya qayıdır və burada bir müddət Yozef Haydndan musiqi dərsləri alır. Bethoven Motsartla görüşmək, ondan musiqi dərsləri almaq istəsə də, Motsartın bir il öncə vəfatı Bethovenə bu arzusunu həyata keçirməyə imkan vermir. Bu müddətdə Bethoven Yohan Georg Albrextsbergerden (Vyananın tanınmış kontrapunkt ifaçısı və pedaqoqu) və Antonio Salyeridən musiqi dərsləri alır. 1793-cu ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır. Bethoven tədricən o vaxtlar hamının üz tutduğu kilsə və kral saraylarından tamamilə uzaqlaşıb müstəqil fəaliyyətə başlayır. Yaşayışını isə illik təqaüd və ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə təmin edə bilir.

1807-ci ildə şahzadə Lobkovits Bethovenə Kral Teatrında yenicə açılmış bəstəkar postuna müraciət etməsini məsləhət görür, lakin teatr rəhbərliyi dahi bəstəkara cavab məktubu belə yazmır. Bu vaxtlarda Bethoven Vyananı tərk etmək barədə düşünür. 1808-ci ilin payızında ona Vestfaliya kralı Jerom Bonapartın sarayında xor kapellasına rəhbər vəzifə təklif olunur və o bu təklifi qəbul edir.Bethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.

Dahi bəstəkarın Vyanadan gedişinin qarşısını almaq üçün bəstəkarın dostları Hersoq Rudolfu, Qraf Kinskini və Şahzadə Lobkovitsi bəstəkarı 4000 florin illik təqaüdlə təmin etməyə razı sala bilirlər. Lakin bəstəkara vəd edilmiş təqaüd lazımınca ödənilmir, yalnız Hersoq Rudolf öhdəsinə düşən məbləği sona qədər ödəyir. Qraf Kinski sonralar orduya çağrılır və təqaüdün ödənişini dayandırır və bir qədər sonra həlak olur. Lobkovits isə təqaüdü yalnız 1811-ci ilin sentyabrına qədər ödəyir, bu əyanların xələfləri isə təqaüdün ödənilməsindən tamamilə imtina edirlər. Bethoven əsərlərinin müəlliflik hüquqlarını satmaq və 1815-ci ildən onun üçün ayrılmış cüzi təqaüdlə dolanmalı olur.

Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpesiosunu eşidib biri birlərinə "Ist es nicht schön?" ("Gözəl deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar.

Bethovenin eşitmə qabiliyyətinin itməsi günümüzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olmuşdur. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif edilmiş, ya da tamamilə məhv edilmişdir.

 

Xəstəlik və vəfatı

Qardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart, 1827-ci il tarixində vəfatı ilə nəticələnir.

Vyana patoloqu və məhkəmə eksperti Kristian Röyter (Vyana Tibb Universitetinin məhkəmə ekspertizası fakültəsinin rəhbəri) bəstəkarın ölümünə Andreas Varvux adlı həkimin diqqətsizliyini əsas səbəb kimi gətirmişdir. Röyterin fikirincə Varvux qurğuşundan zəhərlənmiş Bethovenə qarın boşluğunun yuyulması əməliyyatından sonra qarın nahiyəsi üzərinə isti qurğuşun qoymaqla vəziyyəti daha da ağırlaşdırmışdır. Bethovenin qurğuşundan necə zəhərlənməsi faktını isə müəyyən etmək uçün saysız-hesabsız cəhdlər edilmişdir.

 

Xarakteri

Bethovenin insanlarla tez-tez pis rəftar etməsi məlumdur. Tədqiqatçılar bəstəkarın zəhərlənmədən qaynaqlanan qarın ağrılarının törətdiyi əsəbi gərginlikdən də əziyyət çəkə bilməsi ehtimalını irəli sürürlər. Bununla belə dahi bəstəkar heç də tamamilə dost əhatəsindən məhrum olmamış, əksinə bəstəkarın şəxsiyyətinin əzəməti ona həddən artıq yaxın və sədaqətli dost qazandırmışdır. Ömrünün sonlarına yaxın dostları onun məruz qaldığı bir çox məhrumiyyətlərin qismən də olsa, aradan qaldırılması üçün böyük səylər göstərmiş, ölümündən sonra isə dahi bəstəkarın ad-sanına xələl gətirə biləcək bütün danışıq kitablarını məhv etmişlər.

Mənbələr Bethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə nifrət etdiyini göstərir. O, konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini gördükdə musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə isə birisinin ona gözlənilmədən nə isə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox qarşıdurmalardan sonra hersoq Rudolf saray etika qaydalarından bəzilərinin Bethovenə tətbiq olunmaması haqqında fərman verməli olur.

 

Sevgi münasibətlərində yaşadığı mürəkkəbliklər

Bethovenin şəxsi həyatı olduqca ağır keçmişdir. Karlığının günü-gündən ağırlaşması onu intihara belə sürükləmişdir. Qadınlarla münasibətlərinə gəldikdə isə, onu həmişə "əlçatmaz" qadınlar (evli və ya zadəgan) cəlb etmişdir. Culiyyetta Quiçiardi adlı qadınla nişanlansa da, onunla evlənməmişdir. Bu izdivaca əsas maneə doğma atası olmuşdur.

Culiyyeta sonradan bir əsilzadə ilə evlənsə də heç vaxt xoşbəxt olmamış və 1822-ci ildə həyat yoldaşından ayrılmışdır. Qadın uğursuz səylər göstərərək Bethovenə qayıtmaq istəsədə bu baş tutmamışdır. Onun son eşq macərası 1805-ci ildə Qraf von Deym adlı zadəganın gənc dul qadını Jozefina von Brunzviklə olmuşdur. Bu münasibətlərin 1807-ci ildə Bethovenin şəxsi qərarasızlığı və Jozefinanın zadəgan ailəsinin bu münasibətə mənfi yanaşması səbəbindən sonuclanması ehtimal olunur.

1812-ci ildə Bethoven yalnız "Əbədi sevgim" kimi təqdim etdiyi qadına uzun məhəbbət məktubu yazmışdır. Bir neçə qadın namizəd bu məktubun potensial alıcısı kimi irəli sürülsə də onun kimliyi sübuta yetirilməmişdir. 1994-cü ildə çəkilmiş "Əbədi sevgim" filmi məhz bu məktubun süjeti əsasında hazırlanmışdır.

Bethoven bu dövrdə yaxın qohumları və tanışları ilə olduqca pis münasibətdə olmuşdur.

 

Qəyyumluq uğrunda mübarizə

1815-ci ilin 15 noyabrında Bethovenin qardaşı Karl van Bethoven vərəm xəstəliyindən vəfat edir. Qardaşının yetim qalmış Karl adlı oğluna Bethoven bir əmi kimi əvvəllər çox az maraq göstərdi. Lakin qardaşının ölümündən sonra Bethovendə 9 yaşlı uşağı öz himayəsi altına götürmək arzusu baş qaldırır və Bethoven tamamilə bu istəyinin əsirinə çevrilir. Belə ki, qardaşı oğlunu ələ keçirmək uğrunda mübarizəsi Bethovenin xarakterindəki ən pis cəhətləri biruzə verir və uzun çəkən məhkəmə proseslərində Bethoveni istəyinə çatmaqdan heç nə saxlaya bilmir. Uzun müddətə Bethoven musiqi bəstələməkdən də uzaq düşür.

Bu dövrdə Avstriya məhkəmə sitemi zadəganlar (The Landsrexte) və ümumi palatadan (Tha Magistracy) ibarət idi. Bethoven məhkəmədə bilərəkdən soyadındakı holland mənşəli "van" sözünün onun zadəgan nəslinə aid olmasına dəlalət etmədiyini gizlədir (alman soyadlarında istifadə olunan "von" sözü şəxsin zadəgan nəslinə mənsubluğunu göstərir). Bununla da o, işə Zadəganlar palatasında baxılmasına nail olur və məhkəmədə malik olduğu yaxşı əlaqə və təsir sayəsində sərfəli nəticəni əvvəlcədən təmin edir. Bethoven uşağın yeganə hamisi elan olunur. Uşağın anası, sıravi alman və varlı olmayan dul qadın, Yohannaya isə nəinki oğlunu görmək (bəzi müstəsna hallar istisna olunmaqla), hətta Bethovenin ondan oğlunun təhsil pulunu da verməsi tələbi ilə qarşılaşır. Lakin zadənganlar palatasına verdiyi ifadələrdən birində özü də bilmədən əsilzadə mənsubiyyəti olmadığını etiraf edir və nəticədə iş aşağı palataya göndərilir və Bethoven burada uşağın müstəsna hamisi statusundan məhrum olunur.

Lakin Bethoven appelyasiya məhkəməsinə yenidən müraciət edir və yenidən Karlın yeganə hamisi hüququnu bərpa edir. Ədalət və insan hüquqlarının "hamisi" olan imperator ali həzrətlərinə ediləcək müraciət belə ana və balasını bir birinə qovuşdura bilməyəcəkdi. Ana və balaca Karl uzun illər ərzində nəinki ayrılıqdan, həm də ad-sanlarına dəymiş ləkədən əziyyət çəkməli oldular. Bethoven isə onların ad-sanını hər cür yollarla ləkələməyə çalışırdı. Sonda zülmkar əmisinin rəftarına dözməyən kiçik Karl 182-ci il 31 iyul tarixində başına güllə çaxmaqla özünə qəsd etməyə cəhd göstərir. Lakin o, möcüzə sayəsində xilas edilə bilir və arzusu ilə anasının yanına götürülür. Yalnız bu dəhşətli hadisə Karlı əmisinin caynaqlarından xilas edə bilir.

 

Etiqad və bunun yaradıcılığına təsiri

Bethoven maariflənmə və həmin dövr Avropada yüksəlməkdə olan romantizm ideallarına inanırdı. Özünün üçüncü simfoniyası olan "Eroica"nı (italyanca "Qəhrəmanlıq") Napoleona həsr etmişdi. Buna səbəb bəstəkarın Napoleonun Fransa inqilabının demokratiya və respublika kimi dəyərlərini qoruyacağına inamı idi. Lakin 1804-cü ildə Napoleonun imperialistik ambisiyaları məlum olduqdan sonra Bethoven Napoleonun titul vərəqindəki adını o dərəcədə qəzəblə silir ki, vərəqin ortasında dəlik əmələ gəlir. Sonralar Bethoven bu simfoniyanın adını dəyişərək "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo", yəni "Böyük insanların xatirəsinə ithaf olunan Qəhramanlıq Simfoniyasi" qoyur. Doqquzuncu simfoniyanın dördüncü hissəsini Fridrix Şillerin "Şadlığa mədhiyyə" əsərinin süjeti üzərində yazmaqla bəşəriyyəti qardaşlıq uğrunda mübarizəyə çağıran himn yazır. 1972-ci ildən etibarən dördüncü hissəsinin orkestrləşdirilmiş versiyası Avropa Birliyinin rəsmi himnidir.

Tədqiqatçılar Bethovenin dini görüşləri və bunun onun musiqi fəaliyyətinə təsiri ilə bağlı razılığa gələ bilmirlər. Bethovenin mason olduğu irəli sürülsə də, bu hələ təsdiqini tapmayıb.

Digər dahi alman bəstəkarı Georq Fridrix Hendel kimi Bethoven də abunə konsertlər təşkil etməklə, bəstələrini naşirlərə satmaqla və varlı şəxslərdən aldığı maliyyə dəstəyi ilə sərbəst, heç kimdən asılı olmayan yaradıcılıqla məşğul olmuşdur. O, heç vaxt kilsədə və ya zadəgan saraylarında daimi işlə maraqlanmamışdır.

 

Yaradıcılığı

Bethoven Qərb klassik musiqisinin nəhəng simalarından biri kimi anılır. Bəzən "üç B-lərdən biri" də (Bax və Bramsla birlikdə) kimi də tanınır. O, həmçinin XVIII əsr klassik musiqisindən XIX əsr romantik musiqisinə keçidin əsas fiquru sayılır. Bethovenin özündən sonra gələn musiqiçilər nəslinin yetişməsinə güclü təsir göstərmişdir.

Bethoven musiqi tərtibatinin ən böyük ustalarından biri sayılır. Bəzən o, mövzu seçimindən əvvəl simfoniyalarının ayrı-ayrı parçalarının quruluşunu müəyyən edirdi. O, uzun kompozisiyalarda parçalar arası vahid süjet xəttini gözləmək üçün bir-birinə bağlı tematik alətlərin və ya "rüşeym-motivlərin"dən sistematik ve davamlı şəkildə istifadə edən ilk bəstəkarlardan biri olmuşdur. Eynilə heyrət doğuran cəhətlərdən biri də bir çox əsərlərində də rast gəlinən və bütün əsərlərinə vahid xətt bəxş etmiş mənbə "motivlərdən" istifadə etmişdir. O, toxunduğu bütün musiqi janrlarında bir yeniliyə imza atmişdır. Məsələn, o, artıq o dövrdə konkret tərtibata salınmış rondo janrını daha da elastik və həcmli etməklə onu sonata formasına yaxınlaşdırmışdır.

Bethoven rəngarəng janrlarda: simfoniya, konsert, piano və digər alətlər üçün sonatalar, simli alətlər və digər kamera musiqiləri, opera musiqisi, romanslar və s. əsərlər yaratmışdır. Bu əsərləri ilə Bethoven dünya musiqi tarixində klassik musiqidən romantik musiqi mərhələsinə keçid, körpü rolunu oynamışdır.

Yaradıcılığının orta mərhələsi Bethovenin şiddətlənməkdə olan karlıq iztirablarından bir qədər sonrakı dövrdə başlayır. Bu dönəm qəhrəmanlıq və mübarizə haqqında böyük həcmli əsərlərlə xarakterizə olunur. Bu dövrə altı simfoniya, dördüncü və beşinci piano üçün konsertlər, üçlü və violonçel üçün konsertlər, 5 simli kvartet, növbəti yeddi piano sonataları ("Valdşteyn" və "Appassionata" sonataları da bu dövrdə yazılmışdır) və Bethovenin yeganə operası olan "Fidelio" aiddir.

1815-ci ildən 1827-ci ilə qədərki dövr ərzində miqyas və hədəflərini də genişləndirmişdir. Bu dövrə aid olan mühüm əsərlərindən birinci və ikinci simfoniyaları, ilk altı simli kvartetlərini, ilk üç piano konsertinin və ilk iyirmi piano üçün sonatalarını (buraya məşhur "Ay işığı" və "Potetik" sonataları da daxildir).

Bethovenin yaradıcılığının son mərhələsi 1815-ci ildən başlayır. Bu dövrdə yaratdığı əsərlərində dərin intellekti, intensiv, yüksək ifadələri, yenilikləri ilə səciyyələnirdi (məsələn, Simli Kvarteti, Op. 131 əsərində yeddi birləşmiş parçadan istifadə etmiş və doqquzuncu simfoniyasında sonunucu səhnədə orkestri xorla gücləndirmişdir). Sonunucu dövr əsərləri seriyasına "Missa Solemnis" , "Grosse Fuge" adlı nəhəng kvarteti də daxil olmaqla beş simli kvarteti və sonunucu beş piano sonataları (məşhur "Grobe Sonate fur das Hammerklavier" sonatası da daxil omaqla) daxildir.

 

Filmoqrafiya

  • Dirijor (film, 1980) / Dyrygent
  • Ölməz sevgili (1994) / Immortal beloved,1994
  • Bethoveni anlamaq (film, 2006) / Copying Beethoven,2006
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR