Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç., 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, həmçinin ərazidə bir ədəd mini-futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılıb.
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 1735 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Qeyd edək ki, Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan 25-ci həyətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət